Elxan Məmmədova inanmaq olarmı heç?

18 Fevral 2020 19:50 Azərbaycan Futbolu 868
Elxan Məmmədova inanmaq olarmı heç?

Elxan Məmmədov haqda yazmamaq üçün çox çalışıram. Amma zalım oğlu dinc dayanmır, hər gün özünü hədəfə gətirir.

AFFA-nın baş katibi olarkən bəzən məsuliyyəti başqalarının, o cümlədən İcraiyyə Komitəsinin üzvlərinin üzərinə ata, jurnalistləri ona qarşı qərəzli olmaqda qınamağa cəhd edə bilirdi. Lakin indi icraçı vitse-prezident, yəni futbol təsərrüfatının de-fakto idarəçisidi.

U-23 məsələsini Vaqif Sadıqovun vicdanına yazıb, özünün yaratdığı, ideya müəllifi olduğu Məşqçilər Komitəsini hörmətsiz etdi. Tezliklə milli komandanı növbəti dəfə hansısa əcnəbiyə tapşıracaq və bunun ən düzgün seçim olduğu fikrini sırımaq üçün təbliğat aparacaq. Futbol ictimaiyyəti susur, danışanlar müxtəlif yollarla damğalanır, “yuxarılar” isə hesabat istəmək üçün tələsmir, hələlik daha vacib bildikləri işlərin həlli ilə məşğuldular.

Nəvaxtsa ifşa olunacağını, həqiqətlərin gün üzünə çıxacağını, özünün hədəfə gələcəyini bildiyi üçün Məmmədov manevrlərə başlayıb. Vəzifəsi böyüyəni özünü işləyən biri kimi göstərməyə çalışır. Təbii ki, Elxan bəy sadəcə, marketoloqdu, əsl mütəxəssislərə möhtacdı. Lakin ötən illər ərzində mütəxəssislərin kökünü qohum-qardaşı, dost-tanışı, işbilməz sözəbaxanaları irəli çəkməklə elə kəsib, onları futboldan elə küsdürüb ki, bu gün güvənilməli adamlar da azdı.

Baş katib onu da gözəl bilir ki, nicatı uğur qazanmış insanlardadı. Bu səbəbdən pislik etdiyi, arxadan zərbə vurduğu, torbasını tikdiyi adamların ayağına getməyə, onların rəhminə sığınmağa, təbii ki, həm də onlardan maraqları üçün istifadə etməyə çalışmağa məcburdu. Ötən həftə millimizin sabiq kapitanı Rəşad Sadıqovun saqqızını oğurlamaq üçün onunla görüşdü. Nələrin müzakirə olunduğunu bilmirik, lakin yəqin, istəyinə qismən nail olub ki, bu həftə də “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla bir araya gəlməyi bacarıb. Nələr danışdıqların mənim üçün önəmli deyil – biri hiyləgər, biri sadəlövh…

Bu görüşlər heç vaxt dostluğa, futbolu inkişaf etdirmək naminə birləşməyə xidmət edə bilməz. Məmmədovun xisləti hamıya bəllidi və futbolun inkişafı yalnız onun ümumiyyətlə, olmadığı ortamda mümkündü. İcraçı vitse-prezident özünü diqqət mərkəzində saxlamağa çalışır, yeni planlar qurur, sabah hədəf göstərmək üçün kimlərisə axtarır. 1 il öncə xəyanət etdiyi insanlar ona inanacaqsa, özləri bilər.

Elxan bəy çoxgedişli kombinasiyalar qurur. Gah veteranlarla bağlı nəsə düşünür, gah düşmənçilik etdiyi şəxslərin üzünə süni təbəssümlə gülür. Görüntü yaratmaq üçün hər şey edir. İslam Abbasovu milli komandanın meneceri postuna qaytarması da təsadüfi deyil. 1 il öncə xain saydığı, amma işbirliyi üçün yanında görməyə möhtac qaldığı şəxsi postuna qaytarıb. Qaytarıb ki, “otkat İslam” millidə və “Kəpəz”də etdiklərini təkrarlasın.

Oyunların manipulyasiyası, divizionda qumar araşdırması görəsən, niyə davam etmir? Axı, problem çox ciddi idi və virusun təmizlənməsi üçün 10-15 nəfərin cəzalanması ilə iş bitmir. Əksinə, saxlanılan şəxslərin hamısı artıq azadlıqdadı, karyerasını bitirmiş bu insanların əksəriyyəti üçün futboldan ömürlük kənarlaşdırılmağın ciddi əhəmiyyəti yoxdu, digərləri isə sadəcə, qurbanlardı. Bəli, içərlərində günahkar olanlar da var. Lakin onlar bu günahı illərdi edirdilər, məhz 2020-nin əvvəlində yada düşmələri, barələrində ölçü götürülmələri Məmmədovun “Nizamnamə oyunları” ilə bağlı idi. Növbəti Konfrans reallaşdı, planlar yerinə yetirildi, danışılmış oyunlar da arxivə atıldı (futbolinfo.az).

Hamı susur, “bəçeşm” deyir, Məmmədov isə öz işindədi. Allah qüvvət versin. Bizə də…

AĞA

P.S.: Bəlkə də gündəmdi deyə, nədənsə ölkə başçımız İlham Əliyevin erməni həmkarıyla son debatı yadıma düşdü. Paşinyan sülh göyərçini kimi necə də gülməli görünürdü…

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı