Rəşad Sadıqovun hələ 5 il əvvəl dediyi bugünkü ACI HƏQİQƏT

26 İyul 2022 23:40 Azərbaycan Futbolu 1 265
Rəşad Sadıqovun hələ 5 il əvvəl dediyi bugünkü ACI HƏQİQƏT

“Mahir yox, kim? Kimin üzərində dayanaq?

Mahirdən yaxşı 21 yaşında hansı gənc futbolçumuz var ki, biz ona ümid edək və inanaq ki, 7-8 ildən sonra Azərbaycan futbolunu çiyinlərində daşıyacaq.

Mahir bu gün gənc futbolçular arasında ən potensiallı futbolçularımızdan biridir”.

Bu fikirlər Rəşad Sadıqovun dilindən sosial şəbəkələrdə qarşıma çıxdı. “Zirə”nin çalışdırıcısı bu sözləri hələ 5 il əvvəl – futbolçu kimi “Qarabağ”da çıxış edəndə dilə gətirmişdi.

Yəqin ki, söhbət Qurban Qurbanovun Emreliyə davamlı şans verməsinə görə aşırı təzyiq və tənqidlə üz-üzə qaldığı dönəmlərə təsadüf edir.

Zaman ötdü, illər dəyişdi, həqiqətən də Sadıqovun fikirləri öz təsdiqini əyani tapmış oldu. Bu gün Avropaya çıxara biləcəyimiz (hələ buna tam çıxarmaq demək olarsa) tək futbolçu Mahir Emrelidir.

Bəs Rəşad bəy bu fikirləri dilə gətirdiyi dönəm Mahirdən başqa gənclər millisində ümid verən kimlər vardı? Əksəriyyətin (bəzən özüm də) “Niyə onlar yox, məhz Mahir” deyib də fəryad etdikləri(miz) kimlər idi?

Həmin dönəm üçün gənclər millimizin heyətinə baxarkən Bəhlul Mustafazadə, Amil Seydiyev, Elnur Cəfərov, Fərid Nəbiyev, Fəhmin Muradbəyli, Ramil Şeydayev, Renat Dadaşov və Ülvi İsgəndərov kimi adlar diqqətimi çəkir.

Bəs o gənclər indi hardadır?

Adı “Seltik”lə hallanan Bəhlul Mustafazadə, Rusiyada “at oynadaraq” bura gələn Ramil Şeydayev bu gün “Qarabağ”ın ehtiyat skamiyasında gün keçirməklə məşğuldur.

“Qəbələ”nin yetirməsi olan, yaxşı gələcək vədən Amil Seydiyevin günü "Sabah'"da keçirsə, digər yetirməsi Fərid Nəbiyev Çexiyanın aşağı liqasında 4-5 il ora-bura vurnuxub “Kəpəz”ə qayıtdı.

Hamının baş götürüb qaçmaq istədiyi “Kəpəz”ə. Yəqin ki, Premyer Liqa 8 klubla davam etsəydi, Nəbiyev heç özümüzə də lazım olmayacaqdı.

Birvaxtlar 19 yaşında Portuqaliya “Tondela”sına yola saldığımız Cəfərov bu gün “Qaradağ Lökbatan”da “külüng vurur”.

“Neftçi”də qazandığı çoxsaylı şansa rəğmən hec cür parlamağı bacarmayan Muradbəylinin güzəranı “Səbail” və “Şamaxı” ilə keçir. İndi – 26 yaşında Avropaya “ayaq açmaq” həvəsinə düşüb. Əgər istəyən olsa.

Elmar Baxşıyevin çalışdırdığı "Qəbələ" olmasaydı, yəqin ki, indi Ülvi İsgəndərovun karyerasını başa vurmasından danışırdıq.

Mahirlə müqayisə apara biləcəyimiz tək ad – Renat Dadaşov qalır.

Ki, gündə bir klub dəyişən, hələ də özünü heç yerdə tapa bilməyən Dadaşov isə Almaniya futbol məktəbinin yetirməsidir. Elə ayaqda qala bilməsini də bu məqamla əlaqələndirmək olar. Əgər buna ayaqda qalmaq demək olarsa...

Siyahını bir qədər uzatmaq da olar, amma yetərli olduğunu düşünürəm.

Gördüyünüz kimi, aşağı-yuxarı hamısının parlamaq üçün yetərinə qədər şansları olsa da, bu qədər addan bizə qalan tək Emreli olub. Rəşad Sadıqovun hələ illər əvvəl dediyi kimi...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti