"Mən Premyer Liqada köməkçi kimi çalışmaq istəmirəm"

19 Aprel 2021 20:20 Azərbaycan Futbolu 2 524
"Mən Premyer Liqada köməkçi kimi çalışmaq istəmirəm"

AFFA tərəfindən Tovuzda C kateqoriyalı məşqçi kursu keçirilib.

Sportinfo.az xəbər verir ki, proqramın birinci mərhələsi martın 9-13-ü, ikincisi 15-19-u, üçüncüsü isə 22-26-sı aralığında təşkil olunub.

Artıq kurs başa çatıb. Məşqçilik etmək istəyən şəxslər imtahan veriblər. “Kəpəz”in veteran futbolçusu Rövşən Əhmədov da kateqoriya almaq istəyənlər arasında olub.

Gəncəlilərin heyətində üç dəfə çempion, 1996/97 mövsümündə 23 qolla komanda yoldaşı Fazil Pərvərovla birgə çempionatın bombardiri olan veteranla əlaqə saxladıq (Futbol+):

“AFFA-dan dəvət göndərdilər, “Kəpəz”dən də demişdilər. Mən də qatıldım. Hər şey əla idi. Bazada hər cür şərait var idi. Sağ olsunlar. Kursda məşqçiliklə bağlı biliklərə yiyələndik.

İmtahan vermişik. Dedilər ki, 20 gün ərzində cavablar çıxacaq. Böyük ehtimalla keçəcəm. C kateqoriyalı məşqçilər premyer-liqada çıxış edən klublarda köməkçi kimi çalışa bilərlər.

Mən bunu istəmirəm. “Kəpəz”dən deyiblər ki, kursu keç və gəl bizdə işlə. İndi nəticəni gözləyirəm”.

Rövşən Əhmədov hələ də sosial vəziyyətinin yaxşı olmadığını dilə gətirdi: “Şükür Allaha, yaşayırıq. Hələ ki işsizəm.

Yenə deyirəm, AFFA kurs keçməyimə şərait yaratdı. “Kəpəz” də söz verib ki, nəticədən sonra işlə təmin edəcək. Başqa klub da onlarla çalışmağımı istəyir.

Hələ dəqiq nəsə yoxdu deyə, ad açıqlamaq istəmirəm. Düzünü desəm, köməkçi-məşqçi işləmək istəmirəm. Birinci divizionda çalışmaq mənim üçün yaxşı olar.

Vaxtilə baş məşqçi işləmişəm. O vaxt “Samux” adlı komandanın çalışdırıcısı olmuşam. Divizonda hansısa klubda işləsəm, daha yaxşı olar.

Düzdü, ürəyim “Kəpəz”in yanındadı. Həm də evimin içidi. Amma ən əsası işləməkdisə, uzaq yerlərə də gedə bilərəm. Sosial vəziyyətim düzəlməyib.

Ümid edirəm ki, işlə təmin olunandan sonra hər şey yaxşı olacaq. Bu səbəbdən də kursun nəticələrini gözləmək lazımdı. Bundan sonra gələcəklə bağlı qərarımı verəcəm”.

Digər Xəbərlər
Xəbər Lenti