Bu axşam saat 20.00-da turun mərkəzi qarşılaşması start götürəcək.
“Gent”ə məğlub olmaqla Avropa Konfrans Liqasında mübarizəni dayandıran “Qarabağ” doğma azarkeşləri önündə son 4 oyunda aktivinə 10 xal yazıb qapısından top buraxmayan “Neftçi”ni qəbul edəcək.
“Azersun Arena”dakı oyunlar zamanı ab-hava yüksək səviyyədə olur, hər iki komandanın azarkeşlərinin “atışmaları” maraqla izlənir.
Sportinfo.az xəbər verir ki, “ağ-qaralar”ın səs-küylü azarkeş qrupu olan “Forza Neftçi” son qarşılaşmalarda komandaya küskünlüyünü göstərsə də, bu dəfə rəqibinin adının “Qarabağ” olması onları həvəsləndirib.
Prinsipial rəqiblə duelə hazırlıqlar bir neçə gün əvvəldən başlayıb. Odur ki, bu gün saat 17:30-dan etibarən “Forza Neftçi”nin üzvləri “Ulduz” metrostansiyasının yaxınlığında bir araya gələcək.
Dəqiq say demək çətin olsa da, əldə etdiyimiz bilgiyə görə oyunun iş saatından sonraya təsadüf etməsi azarkeşləri ümidləndirib. Təxminən 350-400 civarında fanat bu axşam “Azersun Arena”da qonaq komandanı qələbəyə səsləyəcək.
Yeri gəlmişkən, azarkeş qrupunun “feysbuk” səhifəsində yerləşdirilən elanda Suraxanıya getmək istəyən azarkeşlərə müraciət olunub. Müraciətdə biletləri iTicket.az saytından L1 və L2 sektorlarına alınmasına dair xəbərdarlıq edilib.
HƏBİB / SPORTİNFO.AZ

