Azərbaycanın futbol klubları Türkiyədə baş verən dəhşətli zəlzələyə müxtəlif formalarda dəstək olmağa çalışdı.
“Turan Tovuz” digərlərindən fərqli nümayiş etdirməklə diqqət çəkdi.
Qərb derbisindən bir neçə gün əvvəl “Kəpəz”lə ev oyunu üçün nəzərdə tutulmuş bilet satışından əldə olunacaq gəlirin qardaş ölkədə zərər çəkən insanlara ianə olunacağı haqda məlumat verildi.
Xəbər yayılandan dərhal sonra Tovuzda, Bakıda, ətraf şəhər və rayonlarda yaşayanlar bilet almağa tələsdi. Biri 2 manatından keçdi, digəri 200, bir başqası 500.
Görüşün protokolunda oyunu 4 min nəfərin izlədiyini nəzərə alsaq, təkcə bilet satışından 8 min manat vəsait toplandığını deyə bilərik. Lakin həmin 4 minin içində illik abunə biletinə sahib olanlar, qonaq komandanın azarkeşləri və fiziki məhdudiyyətli şəxslərin olduğunu nəzərə alsaq, məbləğin nisbətən az olması anlaşılandır.
Türkiyəyə yardım üçün “Turan Tovuz”da nə qədər vəsait toplandığını öyrənmək üçün klubun mətbuat katibi Süleyman Tağıyevlə əlaqə saxladıq.
Məlum oldu ki, “Turan Tovuz” – “Kəpəz” oyunu üçün 2350 bilet satılıb. Toplanan məbləğ isə 7 min manatdır.
Bu pul ən qısa zamanda Türkiyədəki zəlzələdə əziyyət çəkənlərə göndəriləcək.
HƏBİB / SPORTİNFO.AZ

