
Region Liqasının iddialı komandalarından olan “Xan Lənkəran” qış fasiləsindən sonra ev oyunlarına bilet satışı həyata keçirəcək.
Əslində burada qeyri-adi nəsə yoxdur. Hər bir klub öz oyununa bilet satışını təşkil etməlidir. Ən azından formala olaraq lap 50 qəpik qiymətində olsa belə.
Amma həqiqət acı olsa da həqiqətdir. Qəbul etməliyik ki, Azərbaycan reallığında kiçik istisnalar xaric bilet satmaq başqa planetə səyahət etmək qədər əlçatmazdır.
Peşəkarlarımızdan fərqli olaraq həvəskar statuslu "Xan Lənkəran" isə Regiona Liqasında belə bunu etmək gücündədir. Çünki komandanı ən aşağı statuslu liqada da dəstəkləyəcək fanatlara sahibdir.
Heç Birinci Divizionu da yox, götürək ölkənin ən yüksək statuslu yarışı olan Azərbaycan Premyer Liqasını. Dünənə kimi yalnız "Neftçi" öz oyunlarına bilet sata bilirdi. Hər halda satışı o qədər yüksək olmasa belə. Təzə-təzə "Qarabağ" və "Sumqayıt" da bu işə qoşulub. Bəs qalanları?
"Səbail", "Keşlə" kimi klubların oyununa pulsuz gələn yoxdu, hələ qalmışdı bilet satışı həyata keçirsinlər.
Görəsən, həmin klublar heç olmasa "Xan Lənkəran"a baxıb xəcalət çəkirlərmi? Bir həvəskar klubu qədər də olmadıqları üçün...
SPORTİNFO.AZ