Bilindiyi kimi, Misli Premyer Liqasının 10-cu turunda keçirilən "Qəbələ" - "Qarabağ" qarşılaşmasının (0:0) gedişində qonaqların iki oyunçusu arasında mübahisə yaşanıb.
Mateus Silva və Marko Yankoviçin mübahisəsinin motivi bəlli olub.
Demə, monteneqrolu yarımmüdafiəçi top itkisinə yol verən braziliyalı müdafiəçini öz dilində söyüb. Balkanlı ümumiyyətlə həmin frazanı tez-tez işlətdiyindən, "sambaçı" həmin təhqirin mənasını başa düşüb.
Cənubi amerikalı həmin sözü Yankoviçin özünə qaytarmaqla kifayətlənmək istəməyib, ona zərbə endirməyə cəhd göstərib.
Şahruddin Məhəmmədəliyev və digər komanda yoldaşları Mateusa bu imkanı verməyib. Bəhlul Mustafazadə isə monteneqrolunu hadisə yerindən çəkib aparıb.
Bu, matçın fasiləsində baş verib. Tərəflər paltardəyişmə otağında yenidən üz-üzə gəlib. Markonun əlindən boğaza yığılan Mateus söhbəti burada «çürütməyə» çalışıb.
Başqa oyunçular da Yankoviçə öz etirazını bildirib. Qurban Qurbanovun içəri daxil olmasıyla ara sakitləşib. Baş məşqçi hər iki əcnəbini bir kəlməsiylə yerində əyləşdirib və onları əvəzləyib.
Qurbanov Qəbələ səfərinin nəticəsinə və orada yaşanan hadisəyə həsr olunan iclasda sərt üzünü göstərib. Hər iki legioneri möhkəm danlayıb, analoji hal təkrarlanacağı təqdirdə, transferə çıxarılacaqlarını bildirib.
Azərbaycanın ən yaxşı çalışdırıcısı xatırladıb ki, onun üçün əsas nizam-intizamdır və kodeksə əməl etməyənləri heç vaxt bağışlamayacaq.
Cəzaya gəlincə, mübahisənin iştirakçıları onun oktyabr ayının maaşında hiss edəcək. 20 min dollar! Bəli, bu, kifayət qədər ciddi rəqəmdir.
SPORTİNFO.AZ
