Bu gün diqqətlər Respublika stadionunda olacaq.
Çempionlar Liqasındakı layiqli təmsilçimiz “Qarabağ” pley-off mərhələsi çərçivəsində “Nyukasl”ı qəbul edəcək.
Rəqib büdcəsinə, nüfuzuna, təcrübəsinə, mübarizə apardığı liqanın səviyyəsinə görə, bir sözlə, bütün komponentlərdə “köhlən atlar”ı üstələyir.
Və bir maraqlı məqam, Qurban Qurbanovun çalışdırdığı kollektivin indiyə qədər bir dəfə də olsun İngiltərə təmsilçiləri üzərində qələbə qazanmamasıdır. Yalnız bir heç-heçə qeydə alınıb ki, cari mövsümdə “Çelsi”ylə bərabərlik yaxın keçmişə aiddir – 2:2.
Əksər azarkeşlərdə rəqibin “Liverpul”, “Mançester Siti”, “Arsenal”, “Çelsi” yox, “Nyukasl” olması böyük ümidlər yaradıb.
Ki, “Qarabağ” doğma meydanda bu komandanı məğlub edə bilər. “Ağ-qaralar” yol yorğunu olacaq, saat və iqlim fərqi xeyrimizə işləyəcək, təmsilçimiz Bakıda daha inamlı təsir bağışlayır və sair.
Lakin statistikaya nəzər yetirəndə, “Nyukasl”ın hansı gücə malik olması üzə çıxır.
- “Nyukasl” Liqa mərhələsində keçirdiyi 8 oyunun 4-də qələbə qazanıb, 2-də heç-heçə edib, 2 dəfə uduzub. Səfərdə “Marsel”ə, öz meydanında “Barselona”ya – hər iki halda 1:2 hesabı ilə.
- ”Nyukasl” Liqa mərhələsində 8 oyunun hamısında rəqib qapılarına qol vurmağı bacarıb. Ümumilikdə 17 dəfə fərqlənib.
- “Nyukasl” Liqa mərhələsində səfərdə keçirdiyi 4 oyunun 1-də qalib gəlib, 2 dəfə bərabərə qalıb, Fransada “Marsel”ə boyun əyib.
- “Nyukasl” Bakıya səfəri öncəsi son 2 səfər matçını qalıb başa vurub. Premyer Liqa çərçivəsində “Tottenhem”i məğlub edib (2:1), İngiltərə kubokunda “Aston Villa”nı üstələyib.
“Nyukasl” bütün yarışlar daxil, son 6 oyunun hamısında fərqlənməyi bacarıb.
Göründüyü kimi, “Qarabağ”ın rəqibi üçün ev-səfər anlayışı yoxdur. Əksinə, özgə meydanında daha inamlı görünür. Məhsuldarlıq keyfiyyəti də kifayət qədər yüksəkdir.
Hər nə qədər favorit göstərilsə də, ağdamlıların növbəti sürprizə imza atacağına inanmaz lazımdır.
Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək duelin start fiti saat 21:45-də başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

