“Qarabağ” “Ayntraxt”la qarşılaşmada tarixi ilkə imza atmağı bacardı.
Yanvarın 21-nə qədər Almaniya təmsilçiləri ilə 10 dəfə üz-üzə gələn “köhlən atlar” bir dəfə də olsun qələbə qazana bilməmişdi.
“Ayntraxt”la oyunda qələbəsizlik sindromu qırıldı. Ağdamlılar Frankfurtu təmsil edən komandanı 1:0 hesabı ilə məğlub etməyi bacardı.
İndi isə növbə İngiltərə sindromunu qırmağa çatıb.
Azərbaycanın Avropadakı qürur mənbəyi İngiltərə komandaları ilə 9 dəfə qarşılaşsa da, heç vaxt qələbə qazana bilməyib. 1 dəfə bərabərə qalıb, 8 dəfə məğlubiyyət acısı yaşayıb.
9 oyunun ümumi mənzərəsi belədir.
2015/16, Avropa Liqası, qrup mərhələsi
Tottenhem – Qarabağ – 3:1
Qarabağ – Tottenhem – 0:1
2017/18, Çempionlar Liqası, qrup mərhələsi
Çelsi – Qarabağ – 6:0
Qarabağ – Çelsi – 0:4
2018/19, Avropa Liqası, qrup mərhələsi
Qarabağ – Arsenal – 0:3
Arsenal – Qarabağ – 1:0
2024/25, Avropa Liqası, qrup mərhələsi
Tottenhem – Qarabağ – 3:0
2025/26, Çempionlar Liqası, Liqa mərhələsi
Qarabağ – Çelsi – 2:2
Liverpul – Qarabağ – 6:0
Statistikadan da göründüyü kimi, “Çelsi” ilə Bakıdakı dueldə heç-heçəyə nail olmağı bacarıb.
Ümumi mənzərə təbii ki, təhlükə saçır. Qələbəsizlik bir yana, ingilslərlə 9 dueldə təmsilçimiz rəqib qapılarına cəmi 3 dəfə yol tapmağı bacarıb. Buraxılan top sayı isə 29-dur.
“Qarabağ” səfər matçlarının hamısında məğlub olmaqla İngiltərədə cəmi 1 qol vurub, öz qapısından 19 top çıxarıb.
“Çelsi” kimi titullu, adlı-sanlı rəqiblə Respublika stadionunda bərabərə qalmaq mümkün olmuşdusa, “Nyukasl”ı udmaq kifayət qədər realdır.
“Köhlən atlar” bunu bacarsa, 11 illik və ya 9 oyunluq sindroma son qoyacaq.
Bu axşam Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək oyunun start fiti saat 21:45-də çalınacaq.
Komandaların arasındakı cavab matça fevralın 24-dən 25-nə keçən gecə Nyukaslda reallaşacaq.
HƏBİB / SPORTİNFO.AZ

