“Qarabağ” Nəriman Axundzadə ilə yollarını ayırdığını rəsmən bəyan etdi.
Azərbaycan millisinin də şərəfini qoruyan hücumçu yaxın günlərdə “Kolombus Kryu” ilə münasibətlərini rəsmiləşdirəcək.
21 yaşlı azərbaycanlının okeanın o tayında debüt etməsi təbii ki, vaxt aparacaq. Komandaya qoşulan kimi rəsmi matçda debüt edəcəyi inandırıcı görünmür.
Məşqlərdə iştirak etməsi, ab-havaya uyğunlaşması, baş məşqçinin ondan nə tələb etdiyini qavraması üçün zamana ehtiyac duyacaq.
Bəs, uyğunlaşma prosesini başa vurandan sonra əsas heyətdə yer almaq, ümumiyyətlə, şans qazanmaq yolunda hansı futbolçularla mübarizə aparacaq?
Nərimanın əsas rəqiblərindən biri Əbu Əli Vessamdır.
Danimarkada anadan olan forvard Fələstin millisi üçün əsas simalardan hesab olunur. Danimarka klubları ilə yanaşı, İsveçdə dı top qovan 27 yaşlı futbolçu 2024-2026-cı illərdə Misirin və Afrika qitəsinin ən titullu klubu olan “Əl Əhli”nin uğurları üçün tər töküb.
Qahirə təmsilçisinin heyətində meydana çıxdığı 35 qarşılaşmada 28 qol vurub, ötən mövsüm Misir çempionu adını qazanıb. “9 nömrə”nin “transfermarkt”də dəyəri 6 milyon avro avro qiymətləndirilir.
Camal Tiare “Kolombus Kryu”nun ən təcrübəli futbolçularındandır. 32 yaşlı seneqallı hücumçunun karyerası əsasən Fransa təmsilçiləri ilə bağlıdır ki, ən parlaq dönəmi 2018-2023-cü illər aralığında “Havr”da yaşayıb. 121 görüşdə vurduğu 25 qolla MLS təmsilçisi “Atlanta Yunayted”in diqqətini çəkib. Son 2 mövsümün burada keçirməklə 56 qarşılaşmada 11 dəfə fərqlənib.
O da “Kolombus Kryu”nun yeni transferidir. “Transfermarkt”də dəyəri 400 min avro qiymətləndirilir.
Dieqo Rossi – bəli, azərbaycanlı futbolsevərlərin “Fənərbağça”dakı çıxışları ilə xatırladığı həmin uruqvaylı yarımmüdafiəçi-hücumçu.
2021-2023-cü illər aralığında Türkiyə təmsilçisinin heyətində 60-dan çox oyunda şans qazanan 27 yaşlı uruqvaylı 2023-cü ildən bu yana “Kolombos Kryu”nun uğurları üçün tər tökməkdədir.
Burada meydana çıxdığı 73 matçda rəqib qapılarına 31 qol vuran Rossi əsas heyətin dəyişməz üzvlərindən sayılır və “transfermarkt”də dəyəri 8,5 milyon avro avro qiymətləndirilir.
Hazırda “Kolombus Kryu”nun hücum xəttində Vessalmla Tiare yer alıb. Nəriman əsasən bu iki nəfərlə mübarizə aparacaq.
Lakin onun vinger kimi də oynadığını nəzərə alsaq, burada Dieqo Rossi ilə yanaşı, ABŞ pasportuna sahib Maksimilian Arfstyeyn, eləcə də Nigeriyadan olan Aliyu İbrahimlə rəqabətdən qalib ayrılması mütləqdir.
Yeri gəlmişkən, “Kolombus Kryu” MLS-in yeni mövsümündə ilk görüşünü fevralın 22-də keçirəcək.
“Qızılı-qaralar” həmin gün səfərdə “Portland Timbers”in qonağı olacaq.
HƏBİB / SPORTİNFO.AZ

