Qurban Qurbanov kim(lər)ə inanır, kim(lər)ə yox?

00:30 Araşdırma 133
Qurban Qurbanov kim(lər)ə inanır, kim(lər)ə yox?

“Qarabağ” üçün Çempionlar Liqasının Liqa mərhələsi uğurlu alındı və Azərbaycan çempionu qitənin ən mötəbər klub turnirində növbəti mərhələyə adlayaraq yeni tarix yazdı.

“Köhlən atlar” Liqa mərhələsində keçirdikləri 8 oyundan üçündə qələbə qazanıb, birində heç-heçə etdilər.

10 xal qazanan Ağdam təmsilçisi ümumilikdə 13 qol vurub, qapısından 21 top buraxdı.

Liqa mərhələsində “Qarabağ”ın ən məhsuldar futbolçusu 4 qolla Kamilo Duran olub. Leandro Andrade 3 dəfə rəqib qapılarına yol tapıb. Aleksey Kaşuk, Abdullah Zubir, Emmanuel Addai, Marko Yankoviç, Mateus Silva və Bəhlul Mustafazadə isə hərəyə 1 dəfə fərqləniblər.

Qurban Qurbanov Liqa mərhələsində ümumilikdə 20 futbolçunun xidmətindən yararlanıb. Bu yazıda “Qarabağ”ın üzvlərinin adıçəkilən mərhələdə meydanda olduqları müddətə nəzər salacağıq. Qeyd edək ki, qeyd olunan müddətlərdə birinci və ikinci hissəyə əlavə edilən dəqiqələr də öz əksini tapıb.

Qurban Qurbanov 10 futbolçuya Liqa mərhələsindəki 8 görüşün hamısında ehtiyac duyub. Bunlar Mateuş Koxalski, Kevin Medina, Bəhlul Mustafazadə, Mateus Silva, Elvin Cəfərquliyev, Pedro Bikalyo, Leandro Andrade, Abdullah Zubir, Kamilo Duran və Emmanuel Addaidir.

Meydanda qaldıqları müddətə görə iki futbolçu şərikli liderlik edirlər. Söhbət Liqa mərhələsində ayrı-ayrılıqda 766 dəqiqə meydanda olan Koxalski və Bəhluldan gedir. Hər ikisi 8 oyunun hamısını əvəzlənmədən keçirib.

Meydanda olduğun dəqiqə sayı görə 3-cü yerdə Abdullah Zubirdir – 732 dəqiqə. 8 görüşün hamısına ilk “11-lik”də başlayan təcrübəli yarımmüdafiəçi bunlardan 3-də əvəzlənib.

Zubiri Liqa mərhələsində ümumilikdə 730 dəqiqə meydanda olan Kevin Medina izləyir. Bütün matçlarda start heyətdə yer alan, 7 oyunu əvvəldən sonadək meydanda keçirən kolumbiyalı müdafiəçi yalnız “Napoli” ilə səfər qarşılaşmasının ikinci hissəsində başından zərbə aldığı üçün əvəzlənmək məcburiyyətində qalmışdı.

5-ci yerdə Mateus Silva qərarlaşıb. 8 oyunun hamısına start heyətdə çıxan braziliyalı müdafiəçi ümumilikdə 722 dəqiqə meydanda olub. 5 görüşdə sonadək meydanda qaldığı halda, 3 qarşılaşmada əvəzlənib.

720 dəqiqəlik oyun müddətinə sahib Pedro Bikalyo 8 oyunun hamısına ilk “11-lik”də başlayıb. İki görüşdə – “Atletik”lə səfər və “Ayaks”la ev oyununda baş məşqçi tərəfindən əvəzlənib.

Elvin Cəfərquliyev, Kamilo Duran və Leandro Andrade də Liqa mərhələsində bütün oyunlarda start heyətdə yer alıblar. Cəfərquliyev 670, Duran 612, Andrade isə 544 dəqiqə meydanda qalıb.

Emmanuel Addai 8 oyunun hamısında iştirak etsə də, cəmi 2 matçda (“Napoli” ilə səfər və “Ayaks”la ev oyunu) start heyətdə yer alıb. Qalan 6 görüşdə isə Qurban Qurbanov onu sonradan meydana buraxıb. Addainin meydanda keçirdiyi ümumi dəqiqə sayı 368-dir.

7 oyunda iştirak edən Marko Yankoviçin meydanda qalma müddəti 593 dəqiqə olub. Yankoviç matç sayına görə Andrade və Addaidən geri qalsa da, dəqiqə sayına görə onları üstələməyi bacarıb.

Yankoviç kimi, Aleksey Kaşuk və Toral Bayramov da Liqa mərhələsinin 7 matçında meydana çıxıb. Kaşuk 218, Bayramov 158 dəqiqə meydanda qalıb. 6 oyunda iştirak edən Nəriman Axundzadə isə 201 dəqiqə “qazonu hiss edib”.

Onlarla müqayisədə Kadi Borges zədəsi ilə əlaqədar cəmi 4 matçda iştirak etsə də, meydanda qalma müddəti 320 dəqiqə olub. Kadi bu göstəricidə Kaşuk, Bayramov və Axundzadəni üstələyib.

“Qarabağ”ın digər 5 futbolçusunun Liqa mərhələsindəki göstəriciləri isə belə olub: Dani Bolt (5 oyun, ümumi 89 dəqiqə), Musa Qurbanlı (4 oyun, ümumi 18 dəqiqə), Joni Montiel (3 oyun, ümumi 180 dəqiqə), Sami Mmae (1 oyun, 36 dəqiqə) və Kris Kuaku (1 oyun, 3 dəqiqə) (futbolinfo).

Store Neftchi
Xəbər Lenti
7 Fevral 18:10 Çək və bizə göndər!
7 Fevral 02:20 0:6 hesabı ilə uduzduq