Sülhə bir addım... Paraflanma nə deməkdir?

07:20 Araşdırma 93
Sülhə bir addım... Paraflanma nə deməkdir?

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi paraflanır.

​“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu tarixi siyasi hadisənin Vaşinqtonda baş verməsi gözlənilir.

Qeyd edək ki, paraflanma ifadəsi diplomatiya və müqavilə hüquqi terminologiyasına aiddir.

Bu ifadə bir beynəlxalq müqavilənin və ya digər hər hansı beynəlxalq sənədin yekun mətninin tam razılaşdırıldığını göstərir, başqa sözlə onun mətninin dəyişdirilməyəcəyini təsdiqləyir.

Amma paraflanma sənədin hələ imzalanması anlamına gəlmir.

Paraflanma razılaşdırılmış müqavilə layihəsi mətninin müvafiq səlahiyyətli nümayəndələr tərəfindən imzalanmadan əvvəl ilkin razılıq əlaməti olaraq paraflanması, yəni mətnin hər bir səhifəsinə öz ad və soyadlarının baş hərfləri və ya qısa imza formasını qoyması deməkdir. Bu prosedur, əsasən, danışıqların yekunlaşdığını və tərəflərin razılaşdırdığı mətnin artıq imzalanmağa hazır olduğunu təsdiqləyir.

Bu isə o deməkdir ki, Ermənistan Azərbaycanın sülh sazişi ilə bağlı şərtlərini qəbul edib. Bunlardan biri ATƏT-in Minsk qrupunun ləğvinin tələbidir ki, bununla bağlı hər iki ölkə bu qurumun Baş Katibinə birgə müraciət edəcək.

Azərbaycanın digər tələbi isə Ermənistan konstitusiyasına dəyişiklik edilməsi, ölkəmizə qarşı olan ərazi iddialarının aradan qaldırılmasıdır.

Ermənistanın Baş naziri Nikol Paşinyan bu ilin martında bildirmişdi ki, Ermənistan rəhbərliyi 2027-ci ildə yeni Konstitusiyanın qəbul edilməsi ilə bağlı referendum keçirməyi planlaşdırır. Sülh müqaviləsinin faktiki imzalanması da Ermənistanda konstitusiyaya dəyişikliklərlə bağlı ümumxalq referendumundan sonra baş tuta bilər.

Digər Xəbərlər
Xəbər Lenti