
Ötən mövsümkü çıxışı ilə diqqətləri üzərinə çəkməyi bacaran Rüfət Abdullazadənin karyerasını ya ölkəmizdə, ya da Türkiyədə davam etdirəcəyi iddia olunurdu.
Aylardı davam edən proses gözlənilməz və xoş sonluqla başa çatdı.
24 yaşlı yarımmüdafiəçi karyerasını Xorvatiya davam etdirməyə qərar verdi.
Onun "Varajdin"ə keçidi heç də son anda baş tutmayıb, uzun müddət davam edən danışıqların müsbət nəticəsidir.
Mətbuatın iddia etdiyi kimi, ciddi təkliflər heç də Türkiyə və yerli klublardan yox, Avropadan olub.
Daha da konkretləşdirsək Yunanıstan, Rumıniya və Xorvatiya təmsilçiləri onun xidmətində maraqlı olub.
Danışıqları Asadov Pro Bridge Agentliyindən Emil Əsədov şəxsən aparıb.
Yekunda futbolçu ilə məsləhətləşmələr aparıldıqdan sonra Xorvatiya variantı daha məqbul hesab edilib.
Bu da səbəbsiz deyil.
Əksəriyyət əsas fakt kimi xorvatların Konfrans Liqasında iştirak etməsini önə çəkir.
Amma başqa detallar da keçiddə xüsusi rol oynayıb.
"Varajdin" tərəfinin Rüfətdən gözləntiləri böyükdür. Azərbaycanlı futbolçuya bir layihə kimi baxılır.
Əsas heyət üzvü gözündə görülür.
3 ili əhatə edən uzunmüddətli müqavilə səbəbsiz deyil.
İmza tədbirində baş məşqçi, idman direktoru və klub rəhbərliyinin şəxsən iştirakı da keçidə nə qədər önəm verilməsindən irəli gəlir.
Avropa təmsilçisi Rüfəti daha da inkişaf etməsinə meydan verib, ardınca daha iddialı klublara satmaq barədə düşünür.
Artıq həmyerlimizə yeni klubunda xüsusi məşq proqramı tətbiq edilib.
Bir Avropa klubunun həmyerlimizə bağlı bu cür ciddi planlar qurması sevindiricidir.
Ümid edək ki, xorvatların Abdullazadə ilə bağlı planları reallığa çevrilər.
Bundan təkcə futbolçu yox, həm də bütövlükdə Azərbaycan futbolu qazanmış olar.
XANOĞLAN / SPORTİNFO.AZ