Bilməyənlər üçün “Aris” tanıtması – Qorxulu nə var ki?

24 İyul 19:20 Araşdırma 254
Bilməyənlər üçün “Aris” tanıtması – Qorxulu nə var ki?

Bu gün “Araz-Naxçıvan”la qarşılaşacaq “Aris” təmsilçimizlə müqayisədə təcrübəli rəqib hesab olunur.

Yunanıstanın beş köklü klubundan biri olan “sarılar” 3 dəfə Yunanıstan çempionu olub, 9 dəfə ölkə kubokunu qazanıb.

1964-cü ildə avrokuboklarda debüt etdiyi gündən bu yana beynəlxalq arenalarda 77 oyun keçirib ki, bir dəfə UEFA, bir dəfə Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb.

2010/11 mövsümündə qrup səddini aşaraq 1/16-də “Mançester Siti” ilə üz-üzə gəlib və iki görüşün nəticəsinə əsasən mübarizəni dayandırıb – 0:0, 0:3.

Elə nə olubsa, 14-15 il əvvəl olub. Ondan sonrakı nəticələr ürəkaçan deyil.

2011-ci ildən bu yana avrokuboklara 5 dəfə vəsiqə qazanan Saloniki təmsilçisi 3 dəfə 3-cü mərhələdə dayanıb, digər 2 halda 2-ci mərhələdən o tərəfə keçə bilməyib.

“İlişdiyi” komandalar “Mölde” (Norveç), “Kolos” (Ukrayna), “Astana” (Qazaxıstan), “Makkabi Təl-Əviv” (İsrail) və Kiyev “Dinamo”su (Ukrayna) olub.

Son 7 səfər qarşılaşmasının 4-də məğlubiyyət acısı yaşayıb, 2 dəfə qələbəyə sevinib, 1 matç heç-heçə başa çatıb.

Unutmayaq ki, “Aris” bu yay ciddi islahatlara məruz qalıb. Komandanın əsas simalarının bir neçəsi kollektivi tərk edib. Yeni gələnlər isə komandaya son 2-3 həftə qoşulanlardır.

“Araz-Naxçıvan”ın oyun dəsti-xəttini və heyətin gücləndiyini nəzərə alsaq, “Aris” heç də keçilməz rəqib deyil. Sadəcə, rəqibdən çəkinməmək və inamlı mübarizə aparmaq tələb olunur. Bakıda qalib gəlməklə işin böyük hissəsini görmək olar.

Bu gün “Liv Bona Dea Arena”da baş tutacaq görüşün start fiti saat 20:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 İyul 18:10 Çək və bizə göndər!