
“Zirə”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində evdə “Hayduk”a (Xorvatiya) qarşı keçirəcəyi oyuna hakim təyinatı açıqlanıb.
Bu gün baş tutacaq görüşü Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Xristos Vergetisə yan xətt hakimləri Andreas Fotopoulos və Konstantinos Staikos köməklik edəcək. Dördüncü hakim isə Anastasios Papapetrou olacaq.
36 yaşlı referi Yunanıstanın yüksək dəstəsində 2022-ci ildən görünməyə başlayıb. 2024-cü ildə isə FİFA hakimi statusuna yiyələnib.
Xristosun hakimlik təcrübəsini zəngin adlandıra bilmərik. Geridə qalan 3 ildə bütün turnirlər daxil 85 oyuna təyinat alıb.
Bunlardan cəmi 1-i avrokubok oyununa təsadüf edib ki, bu ilin iyulun 8-də Sloveniyada baş tutan “Olimpiya” – “Kayrat” qarşılaşmasını idarə edərək futbolçulara 7 sarı vərəqə göstərib.
Ümumiyyətlə, bu hakimin vərəqə göstərməyi “sevdiyini” deyə bilərik. 85 oyunda əlini 452 dəfə sarı vərəqə üçün cibinə atıb. 23 dəfə “qırmızı” göstəribsə, 35 dəfə qapılara penalti təyin edib.
Bakıya ilk dəfə səfər edəcək yunanıstanlı hakim Konfrans Liqasında ilk dəfə baş hakim kimi görünəcək.
Ümid edəcək ki, verəcəyi qərarlar “Zirə”nin əleyhinə işləməyəcək.
İyulun 23-də “Neftçi Arena”da keçiriləcək “Zirə” – “Hayduk” qarşılaşması saat 19:30-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ