
Konfrans Liqasındakı təmsilçilərimizdən mübarizəyə ən tez “Zirə” başlayacaq.
“Qartallar” bu axşam “Neftçi Arena”da Xorvatiyanın köklü klublarından olan “Hayduk”u qəbul edəcək.
Split təmsilçisi tarixi ərzində 6 dəfə Xorvatiya çempionu olub, 8 dəfə ölkə kubokunu qazanıb, 5 dəfə superkuboku muzeyinə aparıb.
Beynəlxalq yarışlarda da “ağlar” zəngin təcrübəyə malikdir. 1967-ci ildə Kuboklar Kubokunda mübarizəyə başlayan xorvatlar geridə qalan 57 ildə bütün yarışlarda 208 oyun keçirib. Bu matçlarda 89 qələbə qazanılıb, 39 heç-heçə, 80 məğlubiyyət qeydə alınıb.
“Hayduk” bir dəfə Çempionlar Liqasının, bir dəfə Avropa Liqasının qrup mübarizəsində mübarizə aparıb. Sonuncu belə hal 2010 /11 mövsümünə təsadüf edib.
Həmin tarixdən bu yana ardıcıl 14 il avrokuboklara qatılan “Zirə”nin rəqibi 5 dəfə pley-off mərhələsində dayanıb.
Xorvatiya təmsilçisi hər zaman ev komandası kimi tanınıb ki, mərhələlərin keçilməsində doğma meydanda qazandığı qələbələr həlledici rol oynayıb.
Səfər qarşılaşmalarındakı nəticələr “Zirə”dəkiləri sevindirməlidir. Sonuncu dəfə 6 il əvvəl – 2019-cu ilin yayında Makedoniyada “Renova”nı udan “ağlar” o vaxtdan bu yana rəqib meydanında çıxış etdiyi 7 matçın heç birində qalib gəlməyib.
Qalatasaray (Türkiyə) – Hayduk - 2:0
Tobol (Qazaxıstan) – Hayduk - 4:1
Vitoriya (Portuqaliya) - Hayduk – 1:0
Vilyareal (İspaniya) - Hayduk – 4:2
PAOK (Yunanıstan) - Hayduk – 3:0
HB Torşavn (Farer adaları) - Hayduk – 0:0
Rujemberok (Slovakiya) - Hayduk – 0:0
Statistika da göstərir ki, mərhələ adlamaq zirəlilərin öz əlindədir. Bakıdakı matçda sərfəli nəticə qazanmaqla yekunda sevinmək mümkündür.
“Hayduk” son 2 mövsümdə Konfrans Liqasının III mərhələsində mübarizəni dayandırıb. Ümid edək ki, bu dəfə II mərhələdə eyni aqibəti yaşayacaq.
Bu axşam “Neftçi Arena”da keçiriləcək duel saat 19:30-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ