Azərbaycan futbolunda hakimlik əzəli və əbədi müzakirə mövzusu olub.
Son 10-15 ildə əsasən beynəlxalq səviyyəli Əliyar Ağayevin varlığı ilə öyünsək də, son illər yetişən və yetişməkdə olan referilərin arasında kifayət qədər istedadlı fit sahiblərinin olduğu deyilir.
Müstəqillik tarixinin ilk 10 ilində hakimliyə ciddi maraq yox idi. Yaşıl meydanlarda əsas söz sahibləri əsasən sovet dövrünün yetirmələri idi. Çünki ədalət təmsilçilərinə verilən maaş ədalətli deyildi.
Lakin ölkə futboluna böyük pulların ayrılmasından, dəqiq desək, top-top oyununun SOCAR-ın nəzarətinə keçməsindən sonra hakimlərin güzəranı da xeyli yaxşılaşdı. Və elə buna görə də son 10 ildə hakimliyə maraq artdı, özünü bu sahədə sınamaq istəyənlərin sayı çoxaldı.
Futbol ictimaiyyəti, hətta biz jurnalistlər arasında sual doğuran məqam var: Azərbaycandakı Premyer Liqa hakimləri nə qədər qazanır?
Araşdırdıq və məlum oldu ki, elita üçün təsdiq olunan 29 hakim (baş hakim və laynsmanlar) ayda 800 manat fiks məvacib alır.
Yəni bunun neçə oyuna çıxmaqla, cəzalanıb-cəzalanmamaqla əlaqəsi yoxdur. Elita hakimisənsə, ayda bu qədər vəsait kartına köçür.
Oyunlar üçün ayrılan qonorar isə məsuliyyətə görə bölünür. Baş hakim hər matça görə 700 manat alır. Yan xətt hakiminin qazancı 500, dördüncü hakimin oyunbaşı gəliri 300 manatdır.
Kiçik hesablama aparanda orta səviyyəli hakimin ayda 2000 manatda çox qazandığını görmək mümkündür. 800 manat maaş, üstəgəl 2 oyuna görə 1400 manat qonorar və ayda bir dəfə dördüncü hakim təyinatı üçün 300 manat.
Toplanın 2500 manatdan vergi və DSMF xərclərini çıxanda, yenə 2000 manatdan çox edir ki, az etmir. Yan xətt hakimləri də aşağı-yuxarı meydandakı həmkarları qədər gəlir əldə edir.
FİFA referilərinin beynəlxalq oyunlar üçün aldığı qonorarlar isə kifayət qədər yüksəkdir. Azərbaycanda iki ayda qazandıqlarını Avropada 90 dəqiqədə əldə edirlər.
İndiki zamanda həftədə bir dəfə saatyarımlıq məsuliyyətə görə bu qədər pul qazanmaq, kabinetdə oturub katibəyə çay gətirmək tapşırığı vermək qədər rahatdır.
Halal-halal xoşları olsun!
HƏBİB / SPORTİNFO.AZ

