“Turan Tovuz”un transferlərə ara vermədiyi vaxtda növbəti mövsümdə Premyer Liqada iştirak edəcək “Kəpəz”də hələ ki, durğunluqdur.
Daha doğrusu, adı bu iki bölgə təmsilçisi ilə yanaşı çəkilən futbolçuların bəziləri karyerasını Tovuzda davam etdirməyə qərar verib.
Maraqlıdır, “Kəpəz”də niyə durğunluqdur? Yaşar Vahabzadə yaxından tanıdığı futbolçuları komandasına cəlb etməkdə niyə çətinlik çəkir?
Bu yöndə araşdırma aparanda məlum oldu ki, vəziyyət heç də düşündüyümüz kimi deyil.
“Kəpəz” güclənmək yönündə iş görür, sadəcə, futbolçulara bu barədə danışmamaq məsləhət görülüb. Ona görə də xəbər geniş miqyasda yayılmır.
Kluba yaxın mənbədən əldə etdiyimiz məlumata görə, “sarı-göylər” 7-8 yerli futbolçu ilə danışıq apararaq razılıq əldə edib.
Lakin heç də hamısının karyerasını “Kəpəz”də davam etdirəcəyini deyə bilmərik. Çünki aralarında bəziləri başqa klublardan da təklif alıb deyə, son anda vədlərinə xilaf çıxmaları mümkündür.
Hələlik yalnız 4 futbolçunun karyerasını Nizami yurdunda davam etdirəcəyini deyə bilərik.
Bunlar “Neftçi”dən ayrılan Kamran İbrahimov, “Şamaxı”nı tərk edən Tural Axundov, 2 ilə yaxındır futbolsuz qalan Elvin Yunuszadə və başa çatan mövsümdə “Sabah”da şans qazanmayan İdris İnqilablıdır.
Yaxın günlərdə adları çəkilən oyunçuların ictimaiyyətə təqdim olunacağı gözlənilir.
HƏBİB / SPORTİNFO.AZ

