“Onun hazırda 2-3 real təklifi var”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında millinin sabiq müdafiəçisi Ruslan Abışovun qardaşı və meneceri Sərxan Abışov deyib.
O, karyerasını gələn mövsüm də davam etdirəcək. 34 yaşlı arxa xətt oyunçusu “Səbail”dən dəvət alıb.
Son “futbol ili”ni “Zirə”də keçirən “Neftçi”nin yetirməsinə Mahmud Qurbanovun çalışdırdığı klubdan birillik müqavilə təklifi gəlib.
Ruslan “dənizçilər”in çağırışına hələ cavab verməyib. Bu keçid ilk növbədə Rəşad Sadıqovdan asılıdır.
“Qartallar”ın çalışdırıcısı onun qalmasını istəsə, o, karyerasını 1 il sonra elə burada bitirəcək.
S.Abışov qardaşının sərbəst seçim edəcəyini bildirib: “Ruslanın özünə də demişəm ki, bu dəfə özün təkbaşına qərar ver.
Mən ona mane olmayacam. Hansı seçimi etsə, verdiyi qərara hörmətlə yanaşacam.
Bütün Azərbaycan bilir ki, Ruslan həmişə Rəşad Sadıqova necə yaxşı münasibət bəsləyib. Bu, dünən belə olub, bu gün də belədir, sabah da belə olacaq.
Həm keçmiş komanda yoldaşı, həm də məşqçisi kimi Rəşad Sadıqovun xətrini bir başqa cür istəyir.
Qardaşın hazırda Azərbaycanda deyil. Gəlsin, Rəşad müəllimlə görüşüb məsləhətləşəcək, sonra qərar verəcək.
Ruslana demişəm ki, nə qərar versən, səni dəstəkləyəcəm.
Bəlkə “Zirə”də qalmaq istəyir, bəlkə getmək istəyir… Düzü, hələ bilmirəm”.

