Millinin Belarusla oyununda 3 rəsmi şəxs – Bəs, onlar hanı?

6 İyun 2022 21:00 Araşdırma 1 193
Millinin Belarusla oyununda 3 rəsmi şəxs – Bəs, onlar hanı?

Bu axşam UEFA Millətlər Liqasında Belarus – Azərbaycan qarşılaşması baş tutacaq.

UEFA-nın Belarusa tətbiq etdiyi sanksiyaya görə nominal meydan sahibləri millimizi Serbiyada qəbul edəcək.

Canni de Byazinin yetirmələrinin ilk matçda Qazaxıstana uduzmasından sonra yığma təzyiq altındadır. Belə məqamda məşqçi və futbolçu heyətinin yanında olmaq, onları dəstəkləmək vacibdir.

Maraqlıdır, məlum qarşılaşma öncə AFFA rəhbərliyindən hansı şəxslər yığmanın yanında olmağı planlaşdırır? Vəzifəli şəxslərdən kimlər oyunu stadiondan izləyəcək?

Məsələ ilə bağlı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə əlaqə saxladıq:

“Hazırda AFFA rəhbərliyindən üç şəxs Novi-Saddadır. Qurumun baş katibi Sərxan Hacıyev, vitse-prezident Vaqif Sadıqov və AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Hacıyev. Hər biri axşamkı qarşılaşmanı tribunadan izləyəcək”.

Firuz bəyin açıqlamasından məlum olur ki, AFFA prezidenti Rövnəq Abdullayevlə vitse-prezidenti Elxan Məmmədov millinin yanında olmayacaq.

Bəs, Azərbaycanın Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasiyev və səfirlik nümayəndələri? Onların oyunla bağlı planı nədir?

Firuz bəy bu mövzuda dəqiq məlumat verə bilməyəcəyini söylədi:

“Bu barədə məlumatsızam. Serbiyada olduğumuz müddətdə səfirlikdən zəng edib maraqlanmışdılar. Lakin oyunda olub-olmayacaqları barədə məlumat verilmədi.

Yığmanın Serbiya ilə Belqraddakı görüşündə səfir şəxsən iştirak etmişdi. Bu dəfə necə olacağını deyə bilməyəcəyəm”.

Belarus-Azərbaycan qarşılaşması bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti