Premyer Liqaya buraxılan “Turan Tovu z”da baş məşqçi təyinatı gerçəkləşsə, bəzi futbolçularla ümumi razılıq əldə olunsa da, hələ ki, üzlər gülmür.
Səbəb 2022/23 mövsümü üçün büdcənin təsdiqlənməməsidir.
Müxtəlif mənbələrdə Tovuz təmsilçisinə illik 500 min manat ayrılacağı deyilir. Amma belə deyil.
Klub rəhbərliyi AFFA başbilənləri ilə söhbətdə bölgədə normal komanda qurmaq üçün azı 1,5-2 milyon ehtiyac duyulduğunu bildirib. Və bununla bağlı böyük ölçüdə razılıq da alınıb.
İndi qalır Dövlət Proqramının təsdiqlənməsi. Neft sektorundan müəyyən büdcə ayrılmalıdır ki, rəsmiləşmələrə start verilsin.
Klub rəhbərliyinin AFFA-dan eşitdiyi “bu gün-sabah”lar da “yuxarıdan” pul düyməsinin basılmamasına görədir.
AFFA prezidenti Rövnəq Abdullayevin başı dövlət tədbirlərinə qarışıb, Elxan Məmmədov Fransadakı yeni vəzifəsinin icrası ilə məşğuldur. Yük qalıb Sərxan Hacıyevin çiyinlərində. O isə millinin oyunları ilə bağlı xaricdə səfərdədir.
Baş məşqçi Ayxan Abbasov klubun Müşahidə Şurasının rəhbəri Oqtay Abdullayev gözləyir, Abdullayev isə Sərxan Hacıyevin intizarındadır.
Sual yaranır: büdcə təsdiq olunmayıbsa, “Turan Tovuz” hansı əsasla yerli futbolçularla maaş və müqavilə söhbəti edir?
İş burasındadır ki, klub rəhbərliyi minimum 1 milyonluq büdcəni nəzərə alaraq hərəkətə başlayıb.
İlk mərhələdə məqsəd yerli futbolçuların keçidini həll etməkdir. Ki, başqa klublarla müqavilə bağlamasınlar.
Sonra “dişə vurulası” azərbaycanlı oyunçu tapmaq müşkülə çevriləcək. Komanda yığmaq səlahiyyəti birbaşa Ayxan Abbasovun sərəncamına verilib. Futbolçularla birbaşa özü görüşüb-danışır.
Büdcə təsdiqlənəndən sonra məbləğ arzulandığı kimi – 1,5-2 milyon olarsa, Abbasov legioner seçiminə başlayacaq.
Həmçinin həlli vacib digər məsələlər yoluna qoyulacaq. Ayxan bəy komandasında azı 3-4 əcnəbinin olmasını arzulayır.
İndi isə hamı Dövlət Proqramının təsdiqini və AFFA-nın ayıracağı məbləği gözləyir.
HƏBİB / SPORTİNFO.AZ

