
Almaniyanın 2-ci Bundesliqa təmsilçisi “Fortuna Düsseldorf” israilli Şon Vaysmanın transferindən imtina edib.
Sportinfo.az xəbər verir ki, bu barədə Almaniya klubu rəsmi açıqlama yayıb.
Bildirilib ki, futbolçunun keçmişdəki bəzi açıqlamaları və sosial şəbəkədə etdiyi paylaşımlar ictimaiyyətdə ciddi narazılıq yaradıb: “
Şon Vaysman ilə yaxından tanış olduqdan sonra transferdən imtina etmək qərarına gəldik”.
Alman mətbuatında yer alan xəbərlərə görə, Vaysman daha öncə Qəzza ilə bağlı radikal mövqeyini paylaşıb.
Belə ki, onun “Qəzza xəritədən silinməlidir”, “Qəzzaya niyə daha çox bomba atılmır?” kimi fikirləri azarkeşlərin qəzəbinə səbəb olub.
Buna görə də tərəfdarlar klub rəhbərliyinə təzyiqlər göstərib. Bundan sonra klub transferi rəsmiləşdirməkdən imtina edib.
28 yaşlı hücumçu daha əvvəl “Volfsberger” (Avstriya), “Real Valyadolid” və “Qranada” (İspaniya) kimi klublarda çıxış edib.