“Qarabağ“ Almaniyanın nüfuzlu qəzetinin diqqətində - FOTO

7 Mart 09:20 Almaniya 4 076
“Qarabağ“ Almaniyanın nüfuzlu qəzetinin diqqətində - FOTO

Almaniyanın nüfuzlu idman qəzeti “Kicker” Avropa Liqasının 1/8 finalında “Qarabağ”la qarşılaşacaq “Bayer”in Bakıya gözlənilən səfəri ilə bağlı yazı hazırlayıb.

Sportinfo.az xəbər verir ki, yazıda Leverkuzen təmsilçisini uzun və stressli səfər gözlədiyi qeyd olunub.

Yazı müəllifi qeyd edir ki, Avropa Liqasının 1/8 final mərhələsindən etibarən "Bayer" üçün ingilis həftəsi başlayır (təqvimin sıxlığına görə - red.).

"Çempionat yarışı ilə beynəlxalq rəqabət, xüsusən Bakıya ağır səfər komanda üçün yükə çevrilə bilərmi?" - deyə sual edən nəşr "Bayer"in idman direktoru Simon Rolfesin fikirlərinə də yer verir.

Bundesliqanın lideri olan Leverkuzen təmsilçisini çempionatda qarşıda 10 oyun gözləyir. Bu həftədən sıx oyun qrafikinə başlayacaq “Bayer”in Bakıya 5 saatlıq uçuşunun komanda üçün çətin bir yük ola biləcəyi vurğulanıb.

"Səfərimiz mütləq ağır olacaq. Biz bir dəfə artıq ora səfər etmişik. Ona görə də bilirik ki, orada oynamaq bizə asan olmayacaq" - deyə "Bayer"in müdafiəçisi Conatan Ta bildirir.

Bakını Asiya ilə sərhəd adlandıran alman həmkarımız eyni zamanda “Bayer”in ötən ilin noyabr ayında Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la oyun üçün Azərbaycan səfərində olduğunu xatırladıb. "Asiya ilə sərhədə səyahət xüsusi bir şeydir" - deyə yazıda vurğulanır.

“Üç saatlıq vaxt fərqinə baxmayaraq, komanda və nümayəndə heyəti gündəlik ritmini qoruyub saxladı. Çünki müəyyən qaydalara əməl edildi. Leverkuzenə qayıdarkən heç bir uyğunlaşma problemi yaşanmaması üçün Bakıda yeməklər Mərkəzi Avropa saatına uyğun vaxtlarda yeyildi” - deyə yazıda bildirilir.

Nəşr “Bayer”in üç cəbhədə (Bundesliqa, Avroliqa, ölkə kuboku) mübarizə apardığını xatırladır və bunun potensial bir problemə çevrildiyini qeyd edir:

"Beşinci günü planlaşdırılan dönüşdən (16:10) iki gün sonra komanda bazar günü "Volfsburq"la oyuna çıxacaq (19:30).

Mövsümün ilk yarısında Bakıdakı oyundan sonra "Bayer" üçün problem yaranmamışdı. Çünki paslanmış oyunçu kimi davranan "Union Berlin" üzərində 4:0 hesablı qələbə asan olmuşdu.

“Volfsburq”a qarşı matç isə yəqin ki, çətin olacaq. Yəni Bakıdakı oyun və ora səyahət stressi "Bayer 04" üçün tamamilə əlverişsizdirmi?

"Yox, yox, yox. Belə səfərlər bizə uyğundur" deyə klubun idman direktoru Simon Rolfes cavab verir. İdman direktoru hər hansı mümkün alibini dəstəkləmək istəmir".

Yazının sonunda isə “Qarabağ”ın asan rəqib olmadığı vurğulanıb: “Azərbaycan klubu pley-off mərhələsində “Braqa”ya qalib gəlib. Onlar iki oyunda (4:2, 2:3) Portuqaliya klubuna düz 6 (!) qol vuraraq mərhələ adlayıblar”.

"Bayer"lə "Qarabağ" arasında ilk oyun martın 7-də Bakıda olacaq və saat 21:45-də başlayacaq. Cavab matçı isə martın 14-də Leverkuzendə keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti