AFFA "Kəpəz"i Premyer Liqada kimə tapşırmaq istəyir?

20 Mart 2020 18:20 I Divizion 1 072
AFFA "Kəpəz"i Premyer Liqada kimə tapşırmaq istəyir?

AFFA «Kəpəz»in gələcəyi ilə bağlı bəzi konturları müəyyənləşdirmək üzrədir.

Gələn mövsüm Premyer Liqa iştirakçılarının sayı artırılsa, onlardan biri Gəncə təmsilçisi olacaq - bu, artıq dəqiqdir.

Federasiya indidən yeni sezonun hazırlıqlarına start verməyi tapşırıb. Düzdür, bu, hələlik şifahi şəkildədir, ancaq «Kəpəz»dəkilər də yaxşı başa düşür ki, hər an hər şey ola bilər. Klubun aşağı yaş qrupları üzrə komandaları, baza və stadionla əlaqəli müəyyən tədbirlər planı nəzərdə tutulub.

Gəncəli futbolsevərləri o maraqlandırır ki, AFFA Yaşar Vahabzadəni baş məşqçi postunda saxlayacaqmı? O, işini davam etdiirməyə maraqlı olsa da, Sportinfo.az-ın qurumdan aldığı məlumata görə, komandanın sükanıçısının dəyişdirilməsi gündəmdədir.

Hazırda «Neftçi-2»ni çalışdıran Mahmud Qurbanov ən real namizəddir. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov «Pro» kateqoriyalı məşqçiylə son görüşündə onun gələcək planlarıyla maraqlanıb.

Qurbanovun daha I Divizionda işləmək istəmədiyini və yayda «Neftçi»nin əvəzedici komandasından ayrılacağını söyləməsi federasiya başçısının diqqətini çəkib.

O, Gəncə futbolunun yetirməsi olan və peşəkar futbolda ilk addımlarını «Kəpəz»də atan Qurbanovun doğma şəhərinə qayıtmasına tərəfdardır.

Düzdür, Mahmud bəyin bu təkliflə razılaşıb-razılaşmayacağı, ümumiyyətlə, ikinci dəfə «Kəpəz»i çalışdırmağa necə yanaşacağı hələ məlum deyil, bununla belə, icraçı vitse-prezident hesab edir ki, o, Nizami yurduna dönsə, AFFA da yerli publikanın rəğbətini qazanacaq və dəstəyini alacaq.

Digər Xəbərlər
Xəbər Lenti