I Liqaya vəsiqə qazanan «Xankəndi» baş məşqçisiz qalıb.
Zaur Hacıyev II Liqanın çempionu etdiyi klubdan ayrılıb.
Bu gedişin səbəbi Qarabağ təmsilçisinin maliyyə vəziyyətinin qeyri-sabit olmasıdır. Düşərgədə ümumi durumun pisləşməsinə dair son vaxtlar çoxsaylı xəbərlər yayılıb.
10-dan artıq futbolçu kollektivi tərk edib. Yaxın günlərdə bu sayın daha da artması gözlənilir.
Yayılan məlumatlara görə, «Xankəndi» rəhbərliyi danışıqlar apardığı bir sıra sponsorlardan istədiyi cavabı almayıb. Dəstək vəd edənlərin bəzisi isə sözünün arxasında dayanmayıb.
Əlbəttə, I Liqa II Liqa deyil, burada normal çıxış etmək üçün AFFA-nın ayırdığı 300 min manat kifayət deyil.
Gərək bu pulun üstünə bir o qədərini qoyasan ki, medallar uğrunda mübaizə apara biləsən. Belə vəziyyətdə isə heç nə demək olmur - hamı çıxıb gedirsə, hansı iddiadan danışasan?
Zaur Hacıyev bu ilin əvvəlindən «Xankəndi»də idi. İyulun 4-də isə klub rəsmi açıqlama yayaraq, onunla müqavilənin müddətini 1 illik uzadılmasını elan eləmişdi.
Görünür, geridə qalan zaman kəsiyində dəyişən nəsə olmayıb. Yoxsa o, kontraktı yeniləyəndən 10 gün sonra niyə çıxıb getsin ki?
SPORTİNFO.AZ


