İki milyonluq büdcə futbolçuları çaş-baş saldı - Qorxanlar var!

16:40 I Divizion 227
İki milyonluq büdcə futbolçuları çaş-baş saldı - Qorxanlar var!

“Səbail”in səsi gur gəlir.

Ötən mövsüm Premyer Liqaya yüksəlmək hədəfinin öhdəsindən gələ bilməyən “dənizçilər” bu dəfə məqsədə çatmaq üçün sözün əsl mənasında işə girişib.

Kluba yeni sponsor gəlib, büdcə kifayət qədər artıb və deyilənə görə, söhbət 2 milyon manata yaxın məbləğdən gedir.

Rəhbərlik I Liqada “Şahdağ Qusar” və “Baku Sportinq” kimi iddialıları üstələmək üçün Premyer Liqa təcrübəsi olan futbolçulara güvənməkdə maraqlıdır.

Mehdi Cənnətov, Eltun Turabov, Abbas Ağazadə, Vüsal Məsimov, Bahadur Həziyev kimi futbolçuların gəlişi ilə komandanın güclənəcəyi sirr deyil.

Siyahıda daha bir neçə nəfərin adı var. Lakin həmin futbolçular “Səbail”lə müqavilə bağlamağa risk etmir. Klubun təklif etdiyi aylıq 5, 8, 10 min manatlıq müqavilələr onları çaş-baş salıb. I Liqa hara, 8 min maaş hara?

Bəziləri sponsor şirkətin kluba sadiq qalacağından ehtiyat edir. Azərbaycan futbolunda, xüsusən də liqa klublarında imkanlı şəxslərin futbola pul ayırdığını, çox keçmədən arxa çevirdiyini az görməmişik.

“Səbail” başbilənlərinin 2 illik müqavilə şərtlərini yerinə yetirməyəcəyindən ehtiyat edirlər. Yəni bir neçə aydan sonra nəticələr ürəkaçan olmasa, ya da “dənizçilər” çempionluqdan uzaq düşsə, pul kəsiləcək, rəhbərlər geri çəkiləcək və futbolçular AFFA ilə FİFA-nın qapılarında qalacaq. O qədər belə hallar yaşanıb ki.

Narahatlıq bununla bağlıdır. Əks halda, “Səbail” indiyə qədər Premyer Liqadan tanıdığımız daha 3-4 futbolçunun transfer anonsunu yaymışdı.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti