“Səbail” qarşıdakı mövsümdə I Liqada fırtına qoparacaq.
Klub rəhbərliyinin Premyer Liqa təcrübəsi olan futbolçulara güvənməsi başqa cür düşünməyə imkan vermir.
Mehdi Cənnətov, Eltun Turabov, Bahadur Həziyev kimi futbolçuları heyətinə qatan klubun növbəti hədəfi Şəhriyar Əliyevdir.
33 yaşlı stoper “dənizçilər”in heyətdə görmək istədiyi vacib adlardandır. Tranfer baş tutsa, Azərbaycan millisinin sabiq üzvü yüksək ödənişli futbolçulardan biri olmaqla yanaşı, kapitan sarğısını qolunda daşıyacaq.
“Səbail” Şəhriyarı rənglərinə qatmaq üçün ona hər cür imkan yaradıb. Yetər ki, təklifi müsbət cavablandırsın.
İş burasındadır ki, Əliyev legioner həyatı yaşamaqda maraqlıdır. Bu məqsədlə Özbəkistana yola düşən futbolçu hazırda bu ölkənin bir neçə klubu ilə danışıq aparır.
Mərkəz müdafiəçisi Özbəkistanda müqaviləyə qol çəkməyəcəyi təqdirdə “Səbail”də oynamağa razılıq verəcək.
Karyerası ərzində “Bakı”, “Qarabağ”, “Kəpəz”, “Keşlə” (indiki “Şamaxı”) və “Turan Tovuz”un şərəfini qorumuş təcrübəli futbolçu Azərbaycan millisinin heyətində 2 oyunda forma geyinib.
HƏBİB / SPORTİNFO.AZ

