I Liqada amansız mübarizə gedir və bu şəkildə davam edəcək.
Premyer Liqaya yüksəlməyi qarşısına hədəf qoyan 4 komanda hədəfə çatmaq üçün dəridən-qabıqdan çıxır.
“Şəfa” rəqibləri iıə müqayisədə elitaya vəsiqəyə yaxın olsa da, “Baku Sportinq”, “Mingəçevir” və “Səbail” iddiasından əl çəkmək fikrində deyil.
Xüsusən qış fasiləsində edilən tramsferlərdən sonra kifayət qədər güclənən Mingəçevirin eyniadlı komandası indi daha təhlükəli görünür.
Hədəf qətidir – Premyer Liqaya vəsiqə qazanaraq uzun illərdən sonra yüksək liqada iştirak etmək.
I Liqanın ən yaşlı və təcrübəli çalışdırıcısı Ramiz Məmmədov Sportinfo.az-a açıqlamasında fikirlərində qəti olduqlarını gizlətməyib:
“Qarşıda bizi biri-birindən vacib oyunlar gözləyir. Qarşıdakı 5 turda əsas rəqiblərimizlə oynayacağıq.
İki dəfə “Baku Sportinq”lə qarşılaşacağıq, MOİK, “Səbail” və “Şəfa”nı öz meydanımızda qəbul edəcəyik.
Bu matçlarda qələbə qazanmaq mütləqdir. Sonuncu tura qədər çempionluğu düşünərək, Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparacağıq.
Axıra qədər oynayacağıq. İnanıram ki, yekunda sevinən tərəf biz olacağıq”.
15 turdan sonra aktivində 26 xal olan “Mingəçevir” 3-cü pillədə yer almaqla lider “Şəfa”dan 7 xal geridə qalır.
HƏBİB

