Bu ilin yanvarında «Mingəçevir»i himayəsinə götürmüş yeni sponsor üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir.
Saytımızla əlaqə saxlayan futbolçular artıq 2 aydır əməkhaqlarını ala bilmədiklərini iddia ediblər.
Onların sözlərinə görə, fevralın son ongünlüyünə yaxınlaşsaq da, hələ də dekabr və yanvar aylarının maaşları ödənilməyib.
Halbuki yanvarın əvvəlində keçirilən toplantı zamanı komandaya başqa vədlər verilib, bunlan sonra maliyyə problemlərinin olmayacağı deyilib.
Rəhbərlik maddi vəziyyətin qaydasına düşməsinin sübuta kimi qış fasiləsində 10 yeni oyunçu ilə müqavilə imzalayıb.
İndi isə həmin vədlər yaddan çıxıb - rəsmilər əməkhaqlarının gecikməsinin səbəbini «işıqçılar»a izah etməkdən yayınır, hər gün bir «əmma» gətirir.
Mingəçevir şəhərinin eyniadlı təmsilçisi ötən ilin sentyabrından bəri «burulğan» içindədir. Mövsümə Premyer Liqaya vəsiqə iddiasıyla başlayan klub Adnan Əhmədzadənin həbsindən sonra ağır günlər yaşayır.
Təqribən 36-37 gün qabaq isə başqa bir iş adamı «Mingəçevir»ə dəstək olmağı öz üzərinə götürüb.
Komanda 14 tur ərzində 25 xal toplayıb. «İşıqçılar» hazırda turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.
SPORTİNFO.AZ

