Kamran Quliyev Premyer Liqa üçün darıxır - MÜSAHİBƏ

16 Fevral 23:00 I Divizion 190
Kamran Quliyev Premyer Liqa üçün darıxır - MÜSAHİBƏ

I Liqanın son turunun mərkəzi qarşılaşmasında “Səbail”lə “Şəfa” qələbəyə sevinə bilmədi.

Gərgin keçən oyunda hesab açılmadı.

Sportinfo.az-a müsahibə verən “Səbail”in hücumçusu Kamran Quliyev sualları cavablandırıb.

- Əsas rəqiblərinizdən biri ilə dueldən 1 xalla ayrılmağı qazanc hesab etmək olar?

- Məqsədimiz qələbə qazanmaq idi. Mümkün 3 xal liderlə aramızda xal fərqini azaldacaqdı. Lakin heyətdəki itkiləri nəzərə alsaq, 1 xalı da qazanc hesab edə bilərik. Əsas odur mübarizənin içindəyik. Davamını gətirəcəyik, yaxşı olacaq.

- Deməli, hazırkı vəziyyətdə 1 xal qələbəyə bərabərdir?

- Xeyr-xeyr. Qələbənin öz yeri var. Deməyim odur ki, belə vəziyyətdə 1 xal da pis deyil.

- İki oyunun heç birində lider üzərində qələbə qazana bilməmisiniz. Belə vəziyyətdə Premyer Liqaya vəsiqə qazanmaq çətin görünmür ki?

- Biz onları uda bilməmişiksə, onlar da bizi məğlub etməyib. Bu, o deməkdir ki, komandaların güc nisbəti təxminən eynidir. Qarşıda çox oyunlarımız var. Son tura qədər mübarizə aparacağıq. Xal itirmək limiti bitib, bundan sonra qələbələr qazanmalıyıq.

- Hakim son saniyələrdə qapınıza penalti təyin etsə də, köməkçisi ilə məsləhətləşəndən sonra qərarını dəyişdi. Rəqib düşərgədə epizodla bağlı narazılıq yaşanır. Sənin mövqeyin necədir?

- Həmin anda epizoddan uzaqda idim. Aydın görə bilmədim. Düşünürəm ki, top futbolçumuzun ayağına dəyəndən sonra əlinə toxunub. Hər halda hakimlər qərar verib. Bu, onların işidir.

- Premyer Liqa üçün darıxırsan?

- Premyer Liqa ilə I Liqanın arasında səviyyə fərqi özünü göstərir. Elitadakı şərait, peşəkarlıq, meydanların durumu daha üstündür. Hər bir futbolçu Premyer Liqada oynamağı arzulayır. Lakin bəzən reallıqla barışmalı olursan. Yenidən orada olmaq üçün çalışırıq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Fevral 18:10 Çək və bizə göndər!
16 Fevral 07:30 Onlar 2800 manat alacaq