Diqqətlərin Premyer Liqaya yönəldiyi halda, I Liqadakı amansız savaş kölgədə qalıb.
Premyer Liqaya yüksəlmək uğrunda 4 komanda – “Şəfa”, “Baku Sportinq”, “Səbail” və “Mingəçevir” arasında gedən mübarizədən hansının qalib ayrılacağı ciddi sual doğurur.
Dekabrın 12-də I Liqada əsas oyunlardan biri baş tutacaq. “Səbail” öz meydanında elitaya vəsiqə qazanmağa əsas namizəd “Şəfa”nı qəbul edəcək.
Komandalar arasında ilk dövrədə Binə qəsəbə stadionunda baş tutan qarşılaşma gərginliyi ilə diqqət çəkmişdi. Komandalar hərəyə 2 qol vurmaqla xallarını yarı bölmək məcburiyyətində qalmışdı ki, bu, daha çox “Şəfa”nın xeyrinə işləmişdi.
Ötən mövsümün yekunlarına görə Premyer Liqanı tərk edən “Səbail” bu dəfə ciddi sınaq qarşısındadır.
13 turdan sonra turnir cədvəlindəki ümumi mənzərəyə nəzərə salanda gərginliyi görməmək mümkün deyil.
31 xala sahib “Şəfa” cədvələ başçılıq edir. 26 xalı olan “Baku Sportinq” 2-ci, 25 xal yığan “Səbail” 3-cü, “Mingəçevir” 24 xalla 4-cüdür.
“ASCO Arena”da keçiriləcək matçda meydan sahiblərinin mümkün qələbəsi vəziyyəti bir xeyli qızışdıracaq. Belədə, “Səbail”lə “Şəfa” arasındakı xal fərqi 3-ə enəcək ki, “dənizçilər”in elitaya vəsiqə şansı artacaq, “Banku Sportinq”lə “Mingəçevir” liderə yaxınlaşacaq.
Yox, əksi yaşansa, “Səbail”in Premyer Liqaya qayıdış məqsədi son dərəcə çətinləşəcək. Əsas rəqibə məğlubiyyət baş versə, aradakı fərq 9-a yüksələcək. Bu fərqi aradan qaldırmaq isə həm psixoloji, həm də nəzəri cəhətdən çətin olacaq.
Hazırda bu iki komanda arasındakı rəqabət Premyer Liqada “Qarabağ” – “Sabah” mübarizəsini xatırladır. Məhz bu səbəbdən 90 dəqiqənin necə keçəcəyi və hansı nəticə ilə başa çatacağı səbrsizliklə gözlənilir.
Fevralın 12-də “ASCO Arena”da reallaşacaq duel saat 17:00-da başlayacaq.
HƏBİB /* SPORTINFO/AZ

