
"Biz çox çalışdıq, bütün uşaqlar baş məşqçinin dediklərinə əməl etməyə çalışdı. Ümid edirəm ki, çempionatın qalan hissəsində optimal vəziyyətdə olacağıq".
Bunu Sportinfo.az-a açıqlamasında "Zirə"nin legioneri Dmitrios Çantakias komandasının Türkiyədə baş tutan təlim-məşq toplanışını dəyərləndirərkən deyib.
Paytaxt klubu qonşu ölkədə olduğu müddətdə 3 yoxlama oyunu keçirdi. 2 heç-heçə və 1 məğlubiyyətin qeydə alındığı görüşlərdə komanda öz qapısından 8 qol buraxdı.
Yunanıstanlı oyunçu "Belə statistika qorxu yaratmırmı" sualına qısa cavab verməklə kifayətlənib: "Keçirdiyimiz yoldaşlıq oyunlarında müsbət oynadıq və mən gələcəyə nikbin baxıram".
25 yaşlı müdafiəçi ağır zədə səbəbindən uzun müddət sıradan çıxan komanda yoldaşı Nemanya Andelkoviçi də yada salmağı unutmadı: "Komanda üçün ciddi itkidir, amma bir müddət onsuz qalmalıyıq. O, yaxşı futbolçudur. Ümid edirəm tez bir vaxtda geri qayıdıb, komandamıza kömək edəcək".