Rəşad Sadıqovun verdiyi qiymət: “Bu haqsızlıq olar“

17 Fevral 2021 20:00 Zirə 796
Rəşad Sadıqovun verdiyi qiymət: “Bu haqsızlıq olar“

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov komandasının oyun tərzini qiymətləndirib.

Sportinfo.az xəbər verir ki, avrokuboklara vəsiqə uğrunda mübarizə aparan "qartallar"ın çalışdırıcısı tətbiq etdiyi sistemin faydalı olduğunu bildirib.

Gənc mütəxəssisin sözlərinə görə, onların matçları gərgin, maraqlı və baxımlı olur.

"Bu da məni sevindirir. Azarkeşlər oyundan zövq alırlar. İkinci yarıda komandamız xarakter göstərdi. 5 gün içində "Neftçi" ilə iki ağır oyun keçirtdik.

Kollektivin yorğun olduğunu bilirdim, həftəiçi də bunu sezirdik. Bəlkə də “Sabah“la ədalətli nəticə heç-heçə idi. Hər iki komandanın futbolçularını, əsasən də, ikinci hissədəki möhtəşəm oyuna görə təbrik edirəm.

Düzdür, 5-10 dəqiqə içində aldığım mesajlarda bildirilir ki, penalti epizodu yüz faizlik idi. Amma epizoda təkrar baxmaq lazımdır.

Hər iki komanda meydanda elə əzmkarlıq, fədakarlıq göstərdi ki, hansısa hakim səhvindən danışmaq haqsızlıq olar“.

Baş məşqçi deyib ki, bu cür oyunlarla, sürətlə, templə ölkə futbolu inkişaf edər: “Sabah” bu mövsüm artıq üçüncü sistemdə çıxış edir. Baxırsan ki, futbolçular da yeni sistemə qısa müddətdə uyğunlaşa bilirlər.

Bunların hamısı sevindirən amillərdir. Bəzən futbolçularımız bu çətinliyi yaşayırlar. Xüsusən də, milli komandalarda. Adətən oyundan-oyuna sistemdə dəyişiklik edəndə futbolçular buna gec uyğunlaşırlar”.

Xəbər Lenti