"Zirə" buna hazır olsun, yoxsa…

15 Fevral 2021 22:20 Zirə 661
"Zirə" buna hazır olsun, yoxsa…

"Zirə" - "Sabah" matçı sabahlara ümid verdimi?

Zirəlilər kubokdan sonra tək yorğun deyildi.

İki oyun ardıcıl müdafiə futbolu oynayan, "Neftçi"nin meydanda ağır təzyiqi ilə üzləşən futbolçular indi daha fərqli oynamalıydılar.

Rəqib "Sabah" imkanlı klublardan olsa da, autsayder idi.

"Zirə" ilk dəqiqələrdən önə atıldı. Arxa xətt köməksiz müdafiə olunmağa hazır deyildi. Ona görə də bəsit epizodda qapılarından qol gördülər.

Son anda braziliyalı qapıçı Mateus Albino komandanı xilas edə bilərdi. Yaxın küncə belə asan toplar buraxılmamalıdır.

Gözlənilmədən oyunda geri düşmək "Zirə"ni sarsıtdı. "Sabah" ilk yarıda üstünlüyünü artıra bilsəydi, zirəlilərin dönüş yaratması çətin olardı.

Buna baxmayaraq, geniş həyətə malik "Sabah" Zirəyə qələbə dalınca gəlmişdi. Turnir cədvəlindəki mövqeyi bunu diqtə edirdi. Sonuncu yerdən aydın sabahlar görünmür.

Masazır sakinləri çempionatın ilk turlarındakı komandanı xatırladırdı. Əzmkarlıq, qələbə istəyi, komanda oyunu bunu deməyə əsas verir.

"Sabah" demək olar istəyinə çatmışdı. Düzdür, “Zirə" də məğlub olmaq istəmirdi, çünki matçı xalsız bitirmək, özünəinamı azalda bilərdi.

Bir də ki, Rəşad Sadıqovun komandasına ilk iki dövrədə ciddi yanaşılmırdı. Yeni məşqçidir, hələ bir özünə gəlsin, komandanı qursun, baxarıq - bu fikirlər var idi.

Rəqiblər "Zirə"yə liderlərdən biri kimi yanaşmırdılar. İndi elə deyil, ayılıblar. "Zirə"nin yuxarı pillələrdə olması çoxunda qıcıq yaradır, artıq ciddi qəbul olunur.

"Zirə" buna hazır olmalıdır, yoxsa büdrəyər.

"Sabah" bu dəfə öz oyunu ilə ümid verdi. Davamını gətirə bilsələr, yuxarı qalxacaqlar. "Sabah"ın sabahı yenə də öz əlindədir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti