Premyer Liqanın 13-cü turu çərçivəsində “Turan Tovuz” doğma meydanda “Kəpəz”i qəbul etməyə hazırlaşır.
Son günlər Tovuzda bu qarşılaşmaya böyük marağın olduğunu şəhəri gəzərkən hiss etmək mümkündür.
Şəhərin müxtəlif yerlərində azarkeşlərin prinsipial oyunla bağlı müzakirələr apardığını, qarşılaşmaya ciddi hazırlıq görüldüyünü müşahidə etmək olur.
Gəncədən derbisini canlı izləmək üçün 200-dən artıq azarkeşin Tovuza gələcəyi gözlənilir. Bu isə stadionda anşlaqın yaranması ehtimalını xeyli artırır.
Gözlənilən azarkeş axınını nəzərə alan müvafiq xidmət orqanları da təhlükəsizlik tədbirlərini gücləndirib. Hazırda arenanın ətrafında yerli polis əməkdaşları ilə yanaşı, Daxili Qoşunların əsgər və zabit heyətini də görmək mümkündür.
Hətta Qazaxın təhlükəsizlik xidmətinin əməkdaşları da bu oyun üçün cəlb olunub.
Stadiona giriş-çıxış zamanı avtomobillər ciddi yoxlamadan keçirilir. Görünən odur ki, təhlükəsizlik qüvvələri qarşılaşma zamanı baş verə biləcək mümkün insidentlərin qarşısını almaq üçün qabaqlayıcı tədbirləri gücləndirib.
Qərb derbisinə marağın yüksək olması və hər iki komandanın azarkeşlərinin stadiona axın edəcəyi gözləntisi təhlükəsizlik məsələsini daha da aktuallaşdırıb.
“Turan Tovuz” – “Kəpəz” matçı saat 16:30-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ
