Çempionlar Liqasının 2026/27 mövsümündə tətbiq olunan yeniliklərdən biri də sarı vərəqələrlə bağlıdır.
Belə ki, əvvəlki mövsümdə liqa mərhələsində üç sarı vərəqə alan futbolçu növbəti oyunu buraxırdısa, yeni qaydalara əsasən bu hədd dördə qaldırılıb.
Başqa sözlə, dörd sarı vərəqə alan futbolçu növbəti matçda iştirak edə bilməyəcək.
Bu baxımdan “Sabah”ın legioneri İvan Lepiniçanın vəziyyəti ağırdır.
Xorvatiyalı yarımmüdafiəçi “Barselona” ilə qarşılaşmada aldığı sarı vərəqə ilə liqa mərhələsindəki xəbərdarlıqların sayını üçə çatdırıb. İvan buna qədər “Mançester Yunayted” və “Borussiya Dortmund”la görüşlərdə də hakim tərəfindən sarı vərəqə ilə cəzalandırılmışdı.
“Sabah”ın əsas fiquru dekabrın 8-də “Vilyarreal”la səfər oyununda da sarı vərəqə alacağı təqdirdə, “Napoli” ilə yanvarın 20-də Bakıda keçiriləcək qarşılaşmanı kənardan izləmək məcburiyyətində qalacaq.
Bu, “Sabah” üçün olduqca ciddi itki hesab oluna bilər.
Yarımmüdafiə xəttində vacib rol oynayan xorvatiyalı legionerin mümkün yoxluğu “Napoli” ilə vacib görüş öncəsi baş məşqçi Valdas Dambrauskasa əlavə problem yarada bilər.
HƏBİB / SPORTİNFO.AZ
