Niderland millisinin sabiq yarımmüdafiəçisi Uesli Sneyder, Serxio Ramosun 2010-cu il dünya çempionatının finalında geyindiyi formanı hərracda satıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, forma 65 126 avroya satılıb.
Uzunqol, tünd göy rəngli və 15 nömrəli forma Sneyderin şəxsi kolleksiyasına aid olub.
Serxio Ramos Yohannesburqda keçirilən 2010-cu dünya çempionatının İspaniya – Niderland milliləri arasındakı final matçından sonra formanı “Real”da birgə çıxış etdiyi futbolçuya hədiyyə edib. Maraqlıdır ki, Sneyder həmin finalda özünün geyindiyi formanı isə 5 min avrodan bir qədər artıq məbləğə satıb.
Sabiq futbolçu şəxsi kolleksiyasındakı digər mükafatları da satışa çıxarıb. O, bir neçə ay əvvəl 2010-cu il dünya çempionatının “gümüş top” mükafatını 19 min avroya, 2014-cü il dünya çempionatının bürünc medalını 6 500 avroya,
Niderland millisinin həmin mundialın 1/4 finalında Braziliya yığmasına qalib gəldiyi matçda istifadə olunan topu 6100 avroya, turnirin iştirakçı medalını isə 1000 avroya satıb.
Sneyderin bu əşyalarla vidalaşmasının səbəbi ilə bağlı müxtəlif iddialar var. Onlardan birinə görə, futbolçu 2025-ci ildə Türkiyədə daşınmaz əmlakla bağlı dələduzluqla üzləşib və maddi çətinlik yaşayır.
Sabiq yarımmüdafiəçi özü də podkastların birində daşınmaz əmlaka böyük məbləğdə sərmayə yatırdığını, lakin bunun qarşılığında bir avro belə, əldə etmədiyini açıqlayıb.
