Premyer Liqada dördüncü istefa qoxusu - ŞƏRT QOYULDU

14:00 Gündəm 81
Premyer Liqada dördüncü istefa qoxusu - ŞƏRT QOYULDU

“Şəfa”nın uğursuz nəticələri sıralaması klub rəhbərliyinin səbr kasasını daşırdıb.

Yayda Elgiz Kərəmlinin yerinə baş məşqçi postuna Zaur Həşimovu gətirən rəhbərlik heyəti yerli və əcnəbi futbolçularla gücləndirməklə ona lazım olan dəstəyi vermişdi.

Lakin komandanın uğursuz çıxışı, 10 oyundur qələbə qazana bilməməsi rəsmiləri dərindən düşünməyə vadar edib.

“İmişli” ilə qarşılaşma Zaur Həşimov üçün “Şəfa”da sonuncu oyun ola bilər.

12 turdan sonra cəmi 5 xal toplayan paytaxt təmsilçisi bu dəfə də məğlubiyyətlə üzləşərsə, rəhbərlik yeni baş məşqçi ilə bağlı qərar verməli olacaq.

45 yaşlı mütəxəssisə kifayət qədər – 4 ay vaxt verilib. Digər klubların başbilənləri ardıcıl yenilgilərə görə baş məşqçilərə qapını göstərsələr də, “Şəfa”dakı söz sahibləri səbrli davranmaq yolunu seçib. Artıq səbrdən və hövsələdən keçib. Vaxt uçur, vəziyyət düzəlmir ki, düzəlmir.

Odur ki, “Şəfa” Yevlaxda “İmişli”ni məğlub edib özündən öndəki rəqiblərə nisbətən yaxınlaşmalıdır. Həşimov postunda qalmaq istəyirsə, bölgədən 3 xalla qayıtmalıdır.

Bu gün Yevlax şəhər stadionunda keçiriləcək “İmişli” – “Şəfa” qarşılaşması saat 14:30-da başlayacaq.

Maraq üçün bildirək ki, cari mövsümdə üç baş məşqçi istefası gerçəkləşib.

Təhlükəli zonada yer alan komandalardan Cavid Hüseynov “Araz-Naxçıvan”dan, Kaxaber Tsxadadze “Qəbələ”dən, Fərid Namazov isə “İmişli”dən ayrılıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti