"Neftçi" birinci dövrədə iddialı klubların heç birini məğlub edə bilməmişdi.
“Zirə”yə uduzan “ağ-qaralar”, “Turan Tovuz”, “Sabah” və “Qarabağ”la heç-heçə etmişdi.
Vernidub üçün ən böyük mənfi məhz bu oyunlarda qələbə qazana bilməməsi idi.
Üstünlük isə yalnız autsayderlərlə və orta səviyyəli komandalarla görüşlərdə xal itirməməsi idi.
Artıq ikinci dövrə başlayıb. İddialılarla ilk sınaq məhz bu tura təsadüf edəcək.
Vernidubun komandası yenidən “Zirə” ilə üz-üzə gələcək. Mövsümdə ilk məğlubiyyətini aldığı komanda ilə qarşılaşma həm də bir növ qisas imkanıdır.
Bu oyun üzərindən “Neftçi” ətrafında müzakirələr daha da artacaq.
Maraqlıdır, Vernidub bu dəfə azərbaycanlı həmkarını məğlub edə biləcəkmi?
Ümumiyyətlə, “Neftçi” bu görüşdə qələbə qazanmaqla bir çox suallara cavab tapmış ola bilər.
Həm ilk oyundakı məğlubiyyətin təsadüf olduğunu göstərməli, həm də iddialılarla oyunlarda qələbə qazana bilməmək mifini qırmalıdır.
Yəni bu baxımdan “Zirə” matçı “Neftçi” üçün olduqca önəmlidir.
Həm də iddialılar üzərində qələbə qazanmaq yolunda atılan ilk ciddi addım rolunu oynamalıdır.
Bu oyunun nəticəsi “Neftçi”nin ikinci dövrədəki iddialarına da müəyyən mənada işıq salacaq.
Çünki böyük hədəflərdən danışmaq üçün birbaşa rəqiblərlə duellərdə öz sözünü deməlisən.
Vernidubun komandası “Zirə” səddini keçməklə həm özünəinam qazanacaq, həm də çempionluq mübarizəsində ciddi rəqib ola biləcəyini göstərmək imkanı əldə edəcək.
Əks halda, birinci dövrədə yaranan suallar "Neftçi"nin ətrafında dolaşmağa davam edəcək.
XANOĞLAN/ SPORTİNFO.AZ
