Birinci Liqada çıxış edən “Xankəndi” torpaqlarımızın işğaldan azad olunmasından sonra ilk dəfə doğma şəhərində – Xankəndi stadionunda ev oyununa çıxdı.
Rəqib isə “Karvan-Yevlax” idi. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatdı.
Ancaq bu dəfə nəticə ikinci planda idi. Əsas məqam böyük futbolun yenidən doğma Qarabağa qayıtması idi.
Xankəndi stadionunda sonuncu dəfə 2021-ci ildə ölkə kuboku çərçivəsində “Qarabağ” və MOİK komandaları üz-üzə gəlmişdi. Bu dəfə isə arenada Birinci Liqanın oyunu keçirilirdi.
Qarşılaşmaya maraq böyük idi. Tribunalar dolmuş, stadionda gözəl futbol atmosferi yaranmışdı.
Tarixi günlə bağlı “Karvan-Yevlax”ın baş məşqçisi Ramiz Məmmədov Sportinfo.az-a açıqlama verib.
Təcrübəli mütəxəssis üçün Ağdam xüsusi və doğma ünvandır.
Uşaqlığı bu torpaqda keçən Ramiz Məmmədov tarixi qayıdışla bağlı xoş təəssüratlarını dilə gətirib:
“Gözəl təəssüratlar yaşadıq. İllərlə bu günün həsrətində olmuşuq.
Özümüz qarabağlıyıq, həmişə o torpaqların həsrəti ilə yaşamışıq.
Mingəçevirdə doğulsam da, uşaqlığımız Ağdamda keçib. Belə tarixi oyunda tərəflərdən birinin biz olmağımız böyük xoşbəxtlik idi.
Yaxşı rəqibə qarşı oynadıq. Lider “Şahdağ”ı məğlub etmələri də “Xankəndi”nin gücünü göstərir.
Uşaqları tam şəkildə oyuna kökləyə bildik. Rəqibi 6-7 gün ərzində təhlil etmişdik. Futbolçularıma təşəkkür edirəm.
Stadionda gözəl bayram ab-havası var idi. Bu mənzərənin bir parçası olmaq bizim üçün çox xoş idi. Belə oyunların sayı çox olsun".
XANOĞLAN
