Qadın voleybolçular arasında CEV Çempionlar Liqasının qrup mərhələsində “Turan”ın rəqiblərini hansı arenada qəbul edəcəyinə aydınlıq gəlib.
Sportinfo.az xəbər verir ki, D qrupunda mübarizə aparan Azərbaycan təmsilçisi ev qarşılaşmalarını Tovuz Olimpiya İdman Kompleksində təşkil edəcək.
Avropa Voleybol Konfederasiyası ilə aparılan danışıqların müsbət nəticələnməsi bölgə azarkeşlərinə qitənin ən nüfuzlu klub turnirinin oyunlarını Tovuzda izləmək imkanı yaradıb.
Ziya Rəcəbovun rəhbərlik etdiyi kollektiv doğma meydanda ilk görüşünü dekabrda Serbiya təmsilçisinə qarşı keçirəcək. Türkiyə və İtaliya klubları isə yanvarda Tovuza səfər edəcəklər.
“Turan”ın ev oyunlarının təqvimi:
16 dekabr
19:00. “Turan” - “TENT” (Serbiya)
13 yanvar
19:00. “Turan” - “Əczacıbaşı” (Türkiyə)
27 yanvar
19:00. “Turan” - “Savino Del Bene” (İtaliya)
Təsnifat mərhələsinin son raundunda Bolqarıstanın “Maritsa” komandasını mübarizədən kənarlaşdıran Tovuz təmsilçisi tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində iştirak hüququ qazanıb.
Azərbaycan çempionu qrup mərhələsində mübarizəyə bu gün İtaliyada başlayacaq. “Savino Del Bene” ilə qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
