Premyer Liqanın 12-ci turu çərçivəsində keçirilən “Şamaxı” – “Turan Tovuz” qarşılaşması qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatdı.
İki qolun qeydə alındığı matç kifayət qədər gərgin və emosional mübarizə şəraitində keçdi.
Qarşılaşma zamanı futbolçular arasında zaman-zaman kiçik mübahisələr yaşandı, ilk hissənin sonlarına yaxın isə meydandakı gərginlik bir az da artdı.
Belə ki, fasilə zamanı paltardəyişmə otaqlarının qarşısındakı dəhlizdə hər iki komandanın məşqçiləri arasında mübahisə yarandı.
Hal şahidlərinin iddiasına görə, “Turan Tovuz”un məşqçisi Yunis Hüseynovun qeyri-etik ifadələrindən narazı qalan “Şamaxı”nın məşqçisi Araz Bağırov buna etirazını bildirib.
Nəticədə tərəflər arasında gərginlik artıb və mübahisə az qala əlbəyaxa qarşıdurmaya çevrilib. Polislərin müdaxiləsi ilə insidentin böyüməsinin qarşısı alınıb.
Yunis Hüseynov Sportinfo.az-a açıqlamasında hadisəyə münasibət bildirərkən qırmızı vərəqə almasının səbəbini açıqlayıb:
“Orada ciddi nəsə baş verdiyini deyə bilmərəm. Sadəcə, aramızda müəyyən dialoq oldu.
Hakim həm Araz Bağırova, həm də mənə qırmızı vərəqə göstərdi. Açığı, qırmızı vərəqəni niyə göstərdiyini özüm də anlamadım.
Səbəbini soruşanda bildirdilər ki, dəhlizdə yüksək səslə danışmışıq, bir az səs-küy yaranıb. Buna görə də qırmızı vərəqə aldım.
Bunu şişirtməyə dəyməz. Düşünürəm ki, orada qırmızı vərəqəlik bir şey yox idi”.
Hər iki məşqçi fasilədə qırmızı vərəqə aldığı üçün qarşılaşmanın ikinci hissəsində texniki zonada yer ala bilməyib.
HƏBİB
