“Sabah”ın braziliyalı flegioneri Du Keyroş ölkəsinin mətbuatına müsahibə verib.
Sportinfo.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionuna keçidi ilə bağlı danışıb.
Rusiya “Zenit”indən icarəyə götürülən orta sahə oyunçusu təklif aldığı vaxt “Sabah” barədə heç bir məlumatının olmadığını etiraf edib.
“Korintians”ın yetirməsi bu seçimi Çempionlar Liqasında çıxış etmək fürsəti yaranması ilə əlaqələndirib: “Klub rəhbərliyi və baş məşqçi ilə aparılan danışıqlar da qərarıma təsir etdi.
Bu, maliyyə məsələsi deyildi. Klubun və ölkənin infrastrukturu da əsas məqamlardan biridir.
Həmçinin Çempionlar Liqasında iştirak etmək, böyük komandalarla qarşılaşmaq və bu anları yaşamaq mənim üçün bir xəyal idi.
Qərarıma təsir edən ilk amil Çempionlar Liqası oldu. Klubun məni heyətində görmək istəyi də Azərbaycana gəlməyimdə mühüm rol oynadı.
Hiss etdim ki, onlar məni tanıyırlar, karyeramı bilirlər və məni həqiqətən komandalarında görmək istəyirlər”.
