Baş nazir oyundakı qalmaqaldan danışdı: “Onları heç azarkeş də adlandırmazdım”

10:00 Avropa Liqası 61
Baş nazir oyundakı qalmaqaldan danışdı: “Onları heç azarkeş də adlandırmazdım”

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Batumidə keçirilən Avropa Liqasının “Beşiktaş” – “Hapoel Beer-Şeva” qarşılaşması zamanı baş verən insidentlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, hökumət başçısı polis əməkdaşlarına və daxili işlər nazirinə təşəkkür edib.

“Onlar son dərəcə ağır təxribatlar şəraitində asayişi qorumaq və təxribatların qarşısını almaq üçün əllərindən gələni etdilər. Hər bir polis əməkdaşı xüsusi təşəkkürümüzə layiqdir”, – deyə Kobaxidze bildirib.

Baş nazir Gürcüstanın Türkiyə ilə dostluq münasibətlərini nəzərə alaraq, mövcud risklərə baxmayaraq, qarşılaşmanın dolu tribunalar önündə keçirilməsinə şərait yaratdığını vurğulayıb:

“Türkiyəli azarkeşlərin əksəriyyətinin təklifimizi çox ləyaqətli şəkildə qəbul etməsindən və ölkəmizə yüksək mədəniyyətlə gəlməsindən məmnunam. Lakin təxribatçı hərəkətləri ilə seçilən bir neçə yüz azarkeş də var idi. Açığı, onları heç azarkeş də adlandırmazdım”.

Kobaxidze, həmçinin hadisədən siyasi məqsədlər üçün istifadə etməyə çalışanları təxribat xarakterli bəyanatlardan çəkinməyə çağırıb.

Xatırladaq ki, ötən gün Batumidə keçirilən qarşılaşmada Fələstin bayrağı açan “Beşiktaş” azarkeşlərinə Gürcüstan polisi sərt müdaxilə edib. İnsident səbəbindən dayandırılan matç 40 dəqiqə sonra bərpa olunub.

Hadisə ilə əlaqədar Gürcüstanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 18:10 Çək və bizə göndər!