2024-cü ildə Gürcüstan millisi Avropa çempionatına vəsiqə qazananda sosial şəbəkələrdə ən çox rast gəlinən status və şərhlərdən biri bu məzmunda idi: “Gürcüstan veteranları millinin xilaskarıdır”. Guya veteranlar federasiyaya gəlib, millini inkişaf etdirib və komandanı Avropa çempionatına aparıblar.
Həmin vaxt da yazmışdım ki, məsələyə bu cür yanaşmaq doğru deyil. Çünki həmin veteranların çalışdığı dövrdə Gürcüstan millisi seçmə mərhələni sondan birinci pillədə başa vurmuşdu. Avropa çempionatına vəsiqə qazanması isə daha çox Millətlər Liqasında yaranan fürsətdən düzgün yararlanması ilə bağlı idi. Bir tərəfdən öz şanslarını yaxşı dəyərləndirmişdilər, digər tərəfdən Yunanıstanla qarşılaşmada da bəxt amili onların tərəfində olmuşdu.
O vaxt bu fikirlərimə görə məni topa tutanlar az olmadı. Veteranların xidmətlərini qabardanlar, onların gəlişini uğurun əsas səbəbi kimi təqdim edənlər çox idi.
Amma zaman hər şeyi göstərir. Avropa çempionatından sonra Gürcüstan millisi bir dünya çempionatının seçmə mərhələsində, iki dəfə isə Millətlər Liqasında iştirak edib. Nəticə? Hər üç turnirdə sonuncu yer. Cəmi üç oyunda üç xal qazana biliblər.
Söhbət heyəti bütövlükdə legioner futbolçulardan qurulan, Kvaratsxeliya kimi dünya səviyyəli ulduzun çıxış etdiyi millidən gedir.
Bəli, dostlar, veteranların federasiyada təmsil olunması heç də futbolun xilası demək deyil. Bizim AFFA-da da futbol veteranları dünən də olub, bu gün də var. Onların çalışmadığını, futbola töhfə vermədiyini demək doğru olmaz. Amma futbolumuzun uzun illərdir geridə qalmasının səbəbləri daha dərindir və bu problemləri bir neçə veteranın federasiyaya cəlb olunması ilə həll etmək mümkün deyil.
Məsələ veteranlarda deyil. Məsələ futbolun idarəçiliyində, sistemdə, uşaq futbolunda və illərdir yığılıb qalan problemlərdədir. Veteranları xilaskar kimi təqdim etməklə futbolu xilas etmək mümkün deyil.
XANOĞLAN/ SPORTİNFO.AZ
