"Kəpəz"in yarımmüdafiəçisi Şakir Seyidov Premyer Liqanın 12-ci turunda "Qarabağ"la qolsuz heç-heçə ilə başa çatan oyundan sonra Sportinfo.az-a müsahibə verib.
– “Qarabağ”la son oyunda kifayət qədər yaxşı təsir bağışladınız. Komandanız 1 xal qazandı, yoxsa 2 xal itirdi?
– Hər iki komandanın qol epizodları oldu. Məncə, 0:0 hesablı heç-heçə ədalətli nəticə idi.
– Son oyunlarda fərdi performansınızda da irəliləyiş hiss olunur. Bu yüksəlişin arxasında nə dayanır?
– Şükürlər olsun ki, çəkdiyim əziyyətin bəhrəsini görürəm. Çox çalışıram. İnşallah, zədə və başqa problemlər olmaz. Daha da üzərimə qoyaraq bu templə davam edərəm.
– “Kəpəz”in uğurlu çıxışı davam edir. Komandanın bu yüksəlişinin əsas səbəbi nədir?
– Azarkeşlərimiz bizə o qədər motivasiya verirlər ki, zəif çıxış etməyi heç düşünmürük. Hər oyundan zövq almağa və azarkeşlərimizi sevindirməyə çalışırıq.
– Qarşıda “Turan Tovuz”la Qərb derbisi var. Bu qarşılaşmadan gözləntiləriniz necədir?
– Tovuzda keçirilən oyunlar hər zaman maraqlı olur. Həm azarkeş baxımından, həm də meydandakı mübarizəyə görə xüsusi qarşılaşmalardır. Hər oyuna hazırlaşdığımız kimi, bu görüşə də ciddi hazırlaşırıq. İnşallah, 3 xal bizim olar.
– Qərb derbilərində nəticədən əlavə, emosiyalar və azarkeş amili də ön plana çıxır. Bu qarşılaşmaya xüsusi hazırlaşırsınız?
– Xeyr, hər oyuna necə hazırlaşırıqsa, bu görüşə də elə hazırlaşırıq. Belə oyunlarda futbolçular derbinin mahiyyətini başa düşməli və özlərini psixoloji cəhətdən qarşılaşmaya kökləməlidirlər.
XANOĞLAN İMANOV
