“Qarabağ”I udmaq niyə belə ASANLAŞIB?

11:00 Qarabağ 79
“Qarabağ”I udmaq niyə belə ASANLAŞIB?

Misli Premyer Liqasının 2026/2027-ci illər mövsümünün XII turunun mərkəzi qarşılaşmalarından biri Gəncə şəhər stadionunda keçirilib. Azər Məmmədovun rəhbərlik etdiyi “Kəpəz” Qurban Qurbanovun çalışdırdığı “Qarabağ”ı qəbul edib. Gərgin və qarşılıqlı hücumlarla yadda qalan görüş 0:0 hesabı ilə başa çatıb. Qarşılaşmanın ən diqqətçəkən məqamlarından biri tribunaların dolması olub. Oyunun rəsmi protokolunda 15500 tamaşaçı qeydə alınıb, bununla da cari mövsümün azarkeş rekordu yenilənib. Biletlərin qarşılaşmaya iki gün qalmış tam satılması Gəncədə futbola olan marağın və “Kəpəz”in böyük azarkeş potensialının göstəricisidir. Bu mənzərə Azərbaycan futbolunda regional klubların və futbol şəhərlərinin əhəmiyyətini bir daha ortaya qoyur. Komandaların start heyətlərinə nəzər saldıqda maraqlı məqam diqqət çəkirdi: “Kəpəz” meydana 8 legionerlə, “Qarabağ” isə 10 legionerlə çıxmışdı. Meydan sahibləri 5-3-2, qonaqlar isə 4-5-1 taktiki düzülüşünə üstünlük vermişdilər. “Kəpəz”in start heyətində Rojerio Santos, Ürfan Abbasov, Namiq Ələsgərov, Şakir Seyidov, Kennet Kalunqa, David Domqyoni, Viktor Stina, Mahamadu Ba, Adama Fofana, Mate Abuladze və Desmond Akua yer almışdı. “Qarabağ”ın ilk dəqiqələrdən meydana çıxan futbolçuları isə Martin Zlomisliç, Bəhlul Mustafazadə, Kadi Borqes, Mateus Silva, Zakaria Savo, Cebrail Makreçkis, Taofik İsmail, Jali Muaddib, Samuel Lobato, Bense Varkonyi və Dieqo Rosa olub.
Qarşılaşmanın ilk hissəsində “Kəpəz” yalnız müdafiə olunmaqla kifayətlənməyib, əks-hücumlarda rəqib qapısı qarşısında real təhlükələr yaratmağa çalışıb. Meydan sahiblərinin baş məşqçisi Azər Məmmədov da oyundan sonrakı mətbuat konfransında ilk hissədə real qol imkanlarının olduğunu, həmin fürsətlərdən istifadə edə biləcəkləri təqdirdə “Qarabağ”a qalib gəlməyin mümkün olduğunu bildirib. Bu açıqlama “Kəpəz”in oyun planının yalnız nəticəni qorumaq üzərində qurulmadığını göstərir. “Qarabağ” isə topa nəzarət və hücumların qurulması baxımından təşəbbüsü ələ almağa, rəqib müdafiəsində boşluqlar tapmağa çalışıb. Lakin Ağdam təmsilçisi yaratdığı hücumları real qol epizodlarına çevirməkdə çətinlik çəkib.
İkinci hissənin əvvəlində Qurban Qurbanov iki dəyişiklik edərək Taofik İsmaili Renaldo Sefasla, Jali Muaddibi isə Pedro Bikalyo ilə əvəzləyib. 65-ci dəqiqədə Dieqo Rozanın yerinə Marko Yankoviç, Samuel Lobatonun yerinə isə Aleksey Kaşuk meydana daxil olub. 77-ci dəqiqədə Zakaria Savonun əvəzinə Musa Qurbanlı oyuna qoşulub. Bu dəyişikliklər hücum xəttinin gücləndirilməsi və oyunun nəticəsinə təsir göstərmək məqsədi daşıyırdı. “Kəpəz”in baş məşqçisi Azər Məmmədov da 67-ci dəqiqədə Namiq Ələsgərovun əvəzinə Benito, Kennet Kalunqanın əvəzinə Azuma Abubakarı meydana buraxıb. 71-ci dəqiqədə Desmond Akuanı Əli Səmədov əvəzləyib. Sonradan Şakir Seyidov Rafael Məhərrəmli, Viktor Stina isə Rəhman Hacıyevlə əvəzlənib. Bütün dəyişikliklərə baxmayaraq, komandalar hesabı aça bilməyiblər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 18:10 Çək və bizə göndər!