“Sabah”ın hansı heyətlə oynamasına önəm vermirik” – İspaniyalı

19:40 Araz-Naxçıvan 52
“Sabah”ın hansı heyətlə oynamasına önəm vermirik” – İspaniyalı

“Araz-Naxçıvan”ın düşərgəsində növbəti oyunla bağlı böyük inam var.

Komandanın futbolçu və məşqçi heyəti qələbəsizlik sindromuna bu həftə son qoyacaqlarına ümid edir.

Rəqib üç gün əvvəl Çempionlar Liqasında “Barselona” ilə qarşılaşan, son ölkə çempionu və Azərbaycan Kubokunun qalibi “Sabah”dır.

Naxçıvan təmsilçisi ilk dövrədə keçirilən qarşılaşmada da güclü rəqibinə dişini göstərməyi bacarmışdı. Qəbələdə keçən gərgin oyunda “bayquşlar” 1:0 hesabı ilə qalib gəlmişdi.

Komandanın ispaniyalı legioneri Alberto Fernandes Sportinfo.az-a açıqlamasında ilk qələbəni qazanacaqlarına inamını gizlətməyib:

“Ümid edirəm ki, ilk qələbəmizi qazanacağıq. Bunun üçün hamımız birlikdə çalışırıq. “Sabah”ın güclü rəqib olduğunu bilirik, lakin 3 xalı əldə etmək üçün əlimizdən gələni edəcəyik”.

27 yaşlı yarımmüdafiəçi “Sabah”ın “Barselona” ilə qarşılaşmadan sonra yorğun olmasına xüsusi önəm vermədiklərini deyib, bunu onların geniş heyətə malik olması ilə əlaqələndirib:

“Sabah” kimi böyük komandanın kifayət qədər geniş və keyfiyyətli heyəti var. Meydana kimin çıxmasından asılı olmayaraq, hər bir futbolçunun səviyyəsi yüksəkdir.

Bu da onlara rotasiyalar aparmağa və bəzi oyunçulara istirahət verməyə imkan yaradır. Çünki meydana daxil olan futbolçunun səviyyəsi əvəzlədiyi oyunçu ilə eynidir.

Bununla belə, biz öz oyunumuz barədə düşünürük və ilk qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik. Rəqibin hansı heyətlə oynamasına önəm vermirik”.

Noyabrın 28-də “Sabah Arena”da keçiriləcək “Sabah” – “Araz-Naxçıvan” qarşılaşması saat 19:00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti