"Turan Tovuz" avrokuboklarda iştirakdan uzaqlaşdırıla bilər.
Proses buna doğru gedir. Bəs, necə olub ki, klubun UEFA-nın qadağasından xəbəri olmayıb?
Sportinfo.az xəbər verir ki, prosport.az hadisələrin baş verdiyi 2019-cu ildə klubda Müşahidə Şurasının sədri olan Oqtay Abdullayevdən məsələ ilə bağlı açıqlama alıb:
"Bir dəfə mənim özümü Tovuz şəhər prokurorluğuna çağırmışdılar. Orada mənə bir polkovnik deyir ki, bəlkə sən futbolçulara şər atırsan. Mən də əsəbləşdim. Deyirəm ki, AFFA-ya müraciət edən mənəm, futbolçuların əvəzinə məni prokurorluğa çağırırsınız? Sonra deyir ki, zarafat edirik. Daha sonra Elxan Məmmədova dedim ki, ərizəni mən yazıram, prokurorluğa da mən çağırılıram. Nəyə görə?
Mənim şübhələndiyim bir oyunçu olub, qəsdən penalti edib. Daha sonra onu qovdum, keçdi "Ağsu"ya. Sonra "Ağsu"nun bütün futbolçuları ömürlük cəzalandırılanda, bizdən 1 oyunçunun adını çəkib. Həmin 1 oyunçu da şəmkirli idi, "Banditizm"də 7 futbolçunun bu işdə əli olduğunu bildirmişdi. 6 futbolçuya "povestka" gəldi, qapıçımıza gəlmədi. "Povestka" gəlməyən qapıçımız da izahat verməyə getmədi deyə, adı o siyahıdan çıxdı. Ancaq heç bir məhkəmə qərarı olmadan bu 7 oyunçunu ömürlük futboldan sildilər. Sadəcə, AFFA-nın qərarı olub. İddia etmirəm ki, onların günahı olmayıb. Amma mən bu futbolçulardan şikayət etməmişdim.
Mən yalnız ona pis oluram ki, Ehtiram Quliyev cavan oğlandır, öz cibinin pulunu xərcləyir. Niyə onu belə pisikdirirsiniz? Onun nə təqsiri var? Həmin vaxt komandada olub? Komandanın rəhbəri onda mən olmuşam. Mənim də bu işdə əlim olsaydı, yerli-dibli futboldan silinərdim. Əksinə, mən və Nadir Nəbiyev tez-tez uşaqları çağırıb, belə şeylərə getməməyə çağırırdıq.
Kim bu məsələni qaldırıbsa, onun Allah bəlasını versin. Ən azından AFFA bizə deməliydi ki, sizin belə cəzanız var. Bizə lisenziya da verilib. Deməli, komanda ilə şəxsi qərəzlik var da. Heç kim deməyib ki, Ehtiram müəllim, sənin komandan 3 il oynaya bilməz. 7 il üstündən keçib, indi ayılıblar. AFFA özü UEFA-ya çıxıb sübut etməlidir ki, bu komandanın günahı yoxdur".

