“Turan Tovuz”un bir neçə ay əvvəlYaponiya klubuna satdığı Aleks Souza Yaponiyada xoşbəxt deyil.
Yaxşı pul qazanmaq niyyəti ilə bölgə təmsilçisini “Kyoto Sanqa”ya dəyişən braziliyalı forvard burada əvəzedici statusunu daşıyır.
Kyoto şəhərini təmsil edən komandada Aleksdən başqa üç braziliyalı hücumçu var ki, Rafael Eliasla Marko Tulio aparıcı simalar hesab olunur.
Belə olduğu halda Aleksə, ikinci, bəlkə də üçüncü dərəcəli futbolçu gözü ilə baxılır.
25 yaşlı futbolçu Yaponiyaya getdiyi vaxtdan, yəni yanvardan bu yana cəmi 5 oyunun iştirakçısı olmaqla 228 dəqiqə top dalınca qaçıb.
Cəmi 1 qol və 3 sarı vərəqə ilə yadda qalıb.
Azərbaycana gələnə qədər “Hagelmann” (Litva) və “Boluspor”da (Türkiyə) legioner həyatı yaşayan braziliyalı forvard karyerasının ən parlaq dövrünü Azərbaycanda yaşayıb.
Bütün turnirlərdə şans qazandığı 68 qarşılaşmada 20 qol vurub, 12 qolun ötürməsini verib.
Məhz ölkəmizdəki məhsuldarlığı Yaponiyanın yüksək liqasının qapılarının üzünə açılmasına səbəb oldu.
“Kyoto Sanqa” ona görə Tovuz təmsilçisinə 300 min avro ödəniş etməyə razılıq vermiş, futbolçunun özünə burada qazandığından 2,5 dəfə artıq maaşa razılaşmışdı.
İndi isə hər iki tərəf başına döyür.
HƏBİB / SPORTİNFO.AZ

